Şriftin ölçüsü :

Saytın rəngi :

İtkin şəhid Cəmil Rəhimov Şirvan şəhərində dəfn olunub.

30 oktyabr 2025 | 17:33

İtkin şəhid Cəmil Rəhimov Şirvan şəhərində dəfn olunub.

Azərbaycan xalqının şanlı qələbə qazandığı Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən yenidənqurma və abadlıq işləri zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanır. Aparılmış araşdırmalar zamanı 33 ildir itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Rəhimov Cəmil Nizami oğlunun nəşi oktyabrın 30-da Şirvan şəhərinə gətirilərək, ailəsinə təhvil verilib.

Vida mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Azərbaycan Respublikası  Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəis müavini Kənan Məhərrəmov, Bakı Hərbi prokurorunun müavini Natiq Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, şəhidin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra itkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. Tabutun büküldüyü Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, şəhid kiçik çavuş Cəmil Rəhimov 05.06.1969-ci ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 04.03.1992-ci ildə cəbhə xəttinə yola düşmüş, 08.05.1992-ci ildə Şuşa uğrunda aparılan döyüş əməliyyatlarında itkin düşmüşdür.

Allah rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

Keçidlər