İyulun 17-də Şirvan şəhərində Kürovdağ neft yatağının istismarının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, “Şirvan Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının prezidenti Volkov Aleksey Leontyeviç, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, texnika üzrə fəlsəfə doktoru, əməkdar mühəndis İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, veteran və şəhərin neft sənayesi müəssisələrində çalışan neftçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin büstünü, şəhid neftçilərin xatirə guşəsini ziyarət edib, önlərinə tər gül dəstələri düzərək, əziz xatirələrinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra Kürovdağ yatağında 2 saylı qazma quyunun xatirə löhvəsi ziyarət olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, Kürovdağ neft yatağının istismarının 70 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, şəhərin neft sənayesi müəssisələrində çalışan neftçilərə çətin və şərəfli peşələrində uğurlar arzulayıb.
İlqar Abbasov çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli neft strategiyasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsində müstəsna rol oynadığını vurğulayıb.
Tədbirdə çıxış edən “Şirvan Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının prezidenti Volkov Aleksey Leontyeviç, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı İltizam Yusifov, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədr müavini Fətulla Mustafayev, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Təşkilat şöbəsinin müdiri Heydər Əsgərov və digərləri bildirmişlər ki, Azərbaycanın neft sənayesi tarixində Kürovdağ neft yatağı xüsusi yer tutmuşdur. Yatağın 70 illik şanlı tarixi boyunca burada çalışan minlərlə neftçi və mühəndisin əməyi sayəsində Azərbaycan xalqının rifahı üçün mühüm nailiyyətlər əldə olunmuşdur. Onların fədakar zəhməti nəticəsində neft sənayemiz daha da inkişaf etmişdir.
Qeyd olunmuşdur ki, neft sənayesinin inkişafı Şirvan şəhərində yeni iş yerlərinin yaranmasına, infrastrukturun genişlənməsinə və əhalinin sosial rifahının yaxşılaşmasına şərait yaratmışdır. Hazırda da şəhərdə neftlə bağlı bəzi müəssisələr fəaliyyət göstərməkdədir və bu sahədə müasir texnologiyaların tətbiqi ilə sənayenin daha da inkişaf etdirilməsi istiqamətində işlər aparılır.
Ümumilikdə, Şirvan şəhərində neft sənayesi uzun illər ərzində regionun iqtisadiyyatında aparıcı rol oynamış və bu sahə gələcəkdə də mühüm əhəmiyyət kəsb etməyə davam edəcəkdir.
Tədbirin sonunda Kürovdağ yatağında 2 saylı qazma quyunun fontan vurmasının 70 illik yubileyi münasibətilə təqaüddə olan bir qrup neftçiyə şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.






