İyun ayında Şirvanda 4 səyyar görüş keçirilib.
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin tapşırıq və tövsiyələri Şirvan Şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. İcra Hakmiyyətində keçirilən qəbullarla yanaşı, yerlərdə səyyar qəbul-görüşlərin keçirilməsinə də önəm verilir.Təsdiq edilmiş qrafikə uyğun olaraq 2022-ci ilin iyun ayı ərzində vətəndaşlarla 4 səyyar görüş keçirilib. Şəhərin 5, 13, 18 nömrəli tam orta məktəblərində və Bayramlı qəsəbəsində keçirilən səyyar görüşlərdə ümumilikdə 261 vətəndaş iştirak edib, onlardan 26 nəfər müxtəlif problemlərlə bağlı Şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıb, 34 müxtəlif məzmunlu təklif və problemlər səsləndirilib.Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkil İltizam Yusifov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi hər bir səyyar görüşdə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri ilə görüş zamanı, ölkə başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının icrası barədə ətraflı məlumat verib. Dünyada başlayan pandemiyanın yaratdığı çətinliklərdən, infeksiyaya qarşı ölkəmizin dünyaya nümunə olan mübarizəsindən, profilaktik tədbirlərdən danışıb. Pandemiyaya və ölkəmizdə aparılan 44 günlük Vətən müharibəsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq heç bir sosial layihənin dayandırılmadığı, ölkə iqtisadiyatının çox ciddi çətinliklə üzləşmədiyi xatırladılıb. İşğaldan azad olunmuş rayonlarda yeni infrastruktur layihələrin həyata keçirildiyi, abadlıq-quruculuq işlərinin aparıldığı, şəhid ailələrinə və müharibə əlillərinə hərtərəfli qayğı göstərildiyi diqqətə çatdırılıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən beynəlxalq səviyyəli tədbirlərdən söz açılıb. Həmin tədbirlərin əhəmiyyəti vurğulanıb. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də geniş tikinti, abadlıq-quruculuq işlərinin aparıldığı, küçələrin işıqlandırıldığı, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulduğu, sosial layihələrin reallaşdığı diqqətə çatdırılıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə xidmət etdiyi qeyd edilib.Sonda sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti