Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər - Azərbaycanın dilbər güşəsi.

25 noyabr 2022 | 12:06

Bu gün Kəlbəcərin işğaldan azad edilməsindən 2 il ötür. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, o cümlədən mühüm strateji yüksəklikləri işğaldan azad edib. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub. Kəlbəcər ölkəmizin ən qədim, tarixi abidələri ilə məşhur, erkən dövr atəşpərəstlik, xristianlıq, islam mədəniyyətlərinin qovuşduğu, müalicəvi suları, səfalı təbiəti, faydalı qazıntıları ilə ad qazanmış rayonlarından biridir. 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Erməni işğalından sonra Kəlbəcərin tarixi-mədəniyyət abidələri dağıdılmış, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə çıxardığı 30 aprel 1993-cü il tarixli 822 saylı ilk qətnamə də məhz Kəlbəcərin işğalından sonra qəbul edilmişdir. Qətnamə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalını həyəcanla qeyd edərək işğalçı qüvvələrin Kəlbəcər rayonu və Azərbaycanın son zamanlarda işğal olunmuş digər ərazilərindən geri çəkilməsini tələb edirdi. Təəssüflər olsun ki, qətnamənin Ermənistan tərəfindən icra edilməməsinə baxmayaraq işğalçı dövlətə qarşı heç bir məcburedici tədbir görülməməsi Ermənistanın daha da azğınlaşmasına və digər rayonlarımızın da işğalına səbəb olmuşdu. Sonradan qəbul edilmiş digər üç qətnamə də 822 saylı ilk qətnamə kimi kağız üzərində qalmışdır. BMT qətnamələri yalnız İkinci Qarabağ Müharibəsindən sonra, öz gücümüz, qüdrətimiz, hərbi-siyasi məharətimiz və qələbəmiz hesabına icra olunmuşdur. Döyüşlərdə iştirak edən hərbçilərimizin təltif olunması üçün 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş, Müzəffər Ali Baş Komandanın sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev iki dəfə Kəlbəcər rayonuna səfər etmiş və ilk səfəri zamanı üçrəngli bayrağımızı rayon ərazisində ucaltmışdır. Ölkə başçısının Kəlbəcər rayonuna ikinci səfəri bu ilin 26 iyun tarixində baş tutmuşdur. Səfər zamanı Prezident cənab İlham Əliyev “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və hərbi hissələrin açılış, İşğal və Zəfər muzeyləri kompleksinin, “İstisu” mineral su zavodunun, eyni adlı sanatoriyanın, Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak etmiş, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunun, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi və Kəlbəcər şəhərinin Baş planı ilə tanış olmuşdur. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir və Baş plana əsasən yaşayış binaları, məktəb, xəstəxana, aşıq mərkəzi və digər tikililər inşa ediləcəkdir. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da bərpa-quruculuq işləri plan üzrə aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi nəzarətindədir. Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi istifadəyə verilib. İşğal və Zəfər muzeyləri kompleksinin artıq Azərbaycan Prezidenti tərəfindən təməli qoyulub. Hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək. Bu, gözəl bir mühitdə yerləşən möhtəşəm layihə olacaq. Həmin ərazi landşaftına görə heyrətamiz gözəlliyə malikdir. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaq. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Bütün bunlar Kəlbəcər rayonunun yeni inkişaf dövrünün başlandığını, Kəlbəcərin yenidən Azərbaycanın ən gözəl bölgələrindən biri olacağını deməyə əsas verir.

 

Əkbərov Təbriz

Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin İnsan resursları şöbəsinin müdiri

Keçidlər