Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sahibkarlarla görüş keçirildi
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mütəmadi olaraq sahibkarların bilik və bacarıqlarının artırılması, məsləhət xidmətlərinin göstərilməsi, müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin qurulması, sahibkarların üzləşdiyi çətinliklərin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədilə aidiyyəti dövlət qurumlarının və sahibkarlıq subyektlərinin iştirakı ilə görüşlər keçirilir. 17.01.2023-cü il tarixdə Şirvan KOB Dostunun təşkilatçılığı ilə Şirvan şəhəri və Hacıqabul rayonundan olan bir qrup sahibkarlarla “Güzəştli maliyyə resurslarına çıxışla bağlı yaranan çətinliklər” mövzusunda Hacıqabul rayonunda yerləşən “Qədir-Xum” istirahət mərkəzində sahəvi görüş keçirilmişdir. Əvvəlcə sahibkarlar KOBİA-nın yaranmasının 5 illiyinə həsr olunmuş videoçarxı izlədilər. Görüşdə Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit İnkişaf Agentliyinin, Azad Sahibkarlar Konfederasiyasının, müvəkkil bankların, Şirvan şəhər İcra Hakimiyyətinin və Hacıqabul rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər. Dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Tədbir sahibkarlar üçün təşkil olunmuş çay süfrəsi ətrafında səmimi müzakirələrlə yekunlaşmışdır.