Şriftin ölçüsü :

Saytın rəngi :

Laçının işğaldan azad olmasından 2 il ötür

01 dekabr 2022 | 10:16

Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Rayonun düşmən tapdağından qurtulmasından iki il ötür. Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatdı. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əiyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Şanlı Azərbaycan Ordusunun Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Respublikamızın Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl isə noyabrın 9-da Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Beləliklə, Azərbaycan Respublikası beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Burada diqqət çəkən əsas məqam bu rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsidir. 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürülüb, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib. Laçın rayonu inzibati ərazi vahidi statusunu 1930-cu ildə alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmağa məcbur olmuşdu. İşğal dövründə Ermənistan beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayıb. Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməklə həm BMT Təhlükəsizlik Şurasının yerinə yetirmədiyi missiyası həyata keçirib, həm də tarixi ədaləti bərpa edib.Biz bu Qələbə ilə beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Laşın rayonunda genişmiqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaqdır. Gözəlliyinə heyran olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır. Qarabağ Azərbaycandır!

 

Aslanov Rəşad

Şirvan Gənclər Evinin dərnək rəhbəri 

Keçidlər