Latviya səfirliyinin təşkilatçılığı ilə İrlandiyadakı Latviya Cəmiyyətinin qarışıq səsli “eLVe” xorunun solistləri Şirvan Şəhər Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış ediblər.
Mayın 3-də Latviyanın səfir əvəzi Viya Buşe və səfirin müşaviri Elmira Mirzəyeva, Latviya Səfirliyinin təşkilatçılığı ilə İrlandiyadakı Latviya Cəmiyyətinin qarışıq səsli “eLVe” xorunun solistləri respublikamıza səfərləri çərçivəsində Şirvan Şəhər Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə konsert proqramı ilə çıxış ediblər. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq mühafizə orqanlarının və regional təşkilatların rəhbərləri, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB-nın müavinləri, məsul əməkdaşları, şəhər ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılarını və qonaqları salamlayan İlqar Abbasov dövlət müstəqilliyimizin möhkəmlənməsində və inkişafında misilsiz xidmətləri olan Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə başçısının 2023-cü ili “Heydər Əliyev İli” elan etməsinin əhəmiyyətindən, bu istiqamətdə keçirilən tədbirlərdən danışıb, Ulu öndərin işıqlı ideyalarının gerçəkləşdiyini, inkişafın bütün sahələrində onun imzasının əks olunduğunu qeyd edib. Latviyanın səfir əvəzi Viya Buşe və səfirin müşaviri Elmira Mirzəyeva çıxış edərək Şirvan şəhərində olmaqdan məmnunluq duyduqlarını, təşkilatçılığa və səmimi qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər. Sonda İrlandiyadakı Latviya Cəmiyyətinin qarışıq səsli “eLVe” xoru canlı ifa ilə çıxış edərək, qonaqlarla birgə rəqs ediblər.