Şriftin ölçüsü :

Saytın rəngi :

“Mən ona özüm qədər inanıram”

21 dekabr 2022 | 16:12

Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərinə görə Heydər Əliyev ümummilli liderə çevrilmişdir. O, müasir Azərbaycanın dağılmış, parçalanmış və zəifləmiş sükanını əlinə alanda xalqımıza səsələnərək söz verdi: “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” 1993-2003-cü illər ərzində iki dəfə dövlət çevrilişinə qalib gəldi, dünya haqsızlığına sinə gərdi, həm daxili, həm xarici düşmənlərimizə meydan oxudu və nəhayət Azərbaycan dirçəldi. Azərbaycan inkişaf etməkdə olan ölkəyə çevrildi, beynəlxalq qurumlara üzv oldu, yüksək kürsülərdən öz səsini qaldırdı və bunlar ümummilli lider Heydər Əliyevin sayəsində mümkün oldu. Ona görə ulu öndərin  01.10.2003-cü il tarixdə xalqa müraciət edərək bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu sözlər Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılandı və 2003-cü il oktyabrın 15-də xalq İlham Əliyevi özünə Prezident seçdi. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini, 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi, Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi. Cənab Prezdentin bu uzaqgörənliyi Azərbaycan dövlətinin başı üzərindən qara buludları çəkdirmiş və Azərbaycanın dünyəvi dövlət olduğunu bir daha bütün dünyaya bəyan etmişdir. Cənab Prezidentin fəaliyyəti haqqında danışdıqda Vətən Müharibəsinə toxunmamaq mümkün deyil. Cənab Prezident bütün dünyaya siyasi fəaliyyət nümunəsi gətirdi. O, Ali Baş Komandan vəzifəsində sərkərdə kimi,  dövlər başçısı və hərbi komandan vəzifələrini özündə birləşdirən güclü strateq kimi göstərdi və onun qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Vətən Müharibəsi Zəfərlə sona çatdı. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ölkə başçısı səngərdə döyüşən hərbçilərimizlə yanaşı eyni zamanda gizli düşmənlərimizlə mübarizə aparırdı. Onun, dünyanın nüfuzlu media qurumlarının və bir sıra üzdəniraq beyləxalq media nümayəndələrinin məkrli suallarına tutarlı cavabları hamının ürəyini riqqətə gətirir, sanki ürəyimizdən “tikan çıxarırdı”. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir və cənab Prezidentin, Ali Baş Komandanın səyi nəticəsində bu gün “Böyük Qayıdış”a start verilib. Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. İşğaldan azad olmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ilin 20 oktyabr tarixində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi təşkil olunmuşdur. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilmişdir. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.  Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları inşa olunacaqdır. Azərbaycanın müvafiq strukturları və əcnəbi tərəfdaşlar tərəfindən bu məsələlər üzərində fəal işlər aparılır. Bu layihələr çox böyük perspektivə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq. Bəli bugün böyük uğurlara imza atmışıq və bu uğurlar cənab Prezidentin uzagörən siyasəti, dönməz iradəsi və dəmir yumruğu sayəsində mümkün olmuşdur!

 

Elçin Həsənov

Şirvan-Salyan Regional Təhsil İdarəsi, Şirvan sektorunun metodisti

Keçidlər