Şriftin ölçüsü :

Saytın rəngi :

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən "Yeni Şirvan" yaşayış kompleksinin tikinti işləri davam etdirilir.

22 fevral 2024 | 14:10

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 sentyabr 2022-ci il tarixli 578 S nömrəli Sərəncamı ilə Şirvan şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar dövlət mülkiyyətində olan torpaq sahəsinin kateqoriyası dəyişdirilmiş və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmişdir. Əhalinin yaşayış sahələrinə ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan küçəsində yerləşən 8,11 hektar ərazidə “Yeni Şirvan” yaşayış kompleksində 9 mərtəbəli 14 ədəd və 12 mərtəbəli 11 ədəd yaşayış binasının və digər sosial infrastruktur obyektlərinin tikintisinə başlanılmışdır. Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC tərəfindən mühəndis hazırlıq işləri çərçivəsində yeraltı elektrik xətləri çəkilmiş, ərazidə müvəqqəti beton zavod quraşdırılmış, yaşayış binalarının bünövrə tavasının və zirzəminin betonlanması işləri görülmüş, mərtəbələrin dəmirbeton işlərinə başlanılmışdır.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 20.02.2024-cü il tarixində “MİDA” MMC tərəfindən aparılan tikinti işlərinin gedişi ilə yerində tanış olub,  təklif və tövsiyələrini verib.   

Bildiririk ki, hal-hazırda tikinti sahəsində 400 nəfərə yaxın işçi çalışır ki, bunların da çoxu Şirvan şəhər sakinləridir.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az  internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

 

Keçidlər