Milli mədəniyyətimizin inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu
“Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. Ümummilli lider Heydər Əliyev. Xalqımız öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Milli-mənəvi dəyərlərimizin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni dövr başlanmışdır. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür.
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Bu gün Azərbaycanda onlarla sənət adamının-yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların, memarların ev muzeyləri fəaliyyət göstərir. Azərbaycanda ev muzeylərinin yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyevdir. Müdrik şəxsiyyət həmişə milli mədəniyyətə, onun tarixi qaynaqlarına diqqətlə yanaşırdı. Bu səbəbdən də Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu məhz Heydər Əliyevin himayəsi və nəzarəti altında davam etmişdir. Ulu Öndərimiz Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratmışdır. Bunu statistik məlumatlara müraciət etdikdə görmək mümkündür. Statistikaya görə, 1969-cu ildə respublikamızda 12 peşəkar teatr, 5 konsert müəssisəsi, 2312 kitabxana, 1535 klub müəssisəsi, 17 park, 29 muzey, 79 musiqi məktəbi vardı. Bir rəsm qalereyası belə fəaliyyət göstərmirdi. 2003-cü ildə isə respublikamızın mədəniyyət müəssisələrinin sayı xeyli dərəcədə artmışdır. Həmin dövrdəki məlumatlara görə, ölkəmizdə 27 peşəkar teatr, 13 konsert müəssisəsi, 4124 kitabxana, 3066 klub müəssisəsi, 210 mədəniyyət və istirahət parkı, 159 muzey, 30-dan çox dövlət rəsm qalereyası və bədii sərgi salonu, 232 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərirdi. Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir. Respublikaya rəhbərlik fəaliyyəti dövründə Ulu Öndərimiz Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Hələ Sovet İttifaqı dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, SSRİ xalq artisti, professional vokal sənətimizin banisi kimi tanınan Bülbülün, SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq Ümummilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksək qiymət sahəsində ölkəmizin yüzlərlə sənətçisi xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür. Bu gün Azərbaycan Ulu Öndərin möhkəm təməllər üzərində bərqərar olan, xalqımızın və dövlətimizin etibarlı gələcəyini təmin edən vahid siyasi xətt üzərində inkişaf etməkdədir. Prezident İlham Əliyev Ümummilli liderin müdrik siyasətini, o cümlədən mədəniyyət himayədarlığını layiqincə davam etdirir. Həm dövlət başçısı, həm də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Ulu Öndərin ideyalarının həqiqi təminatçılarıdır.
Fəridə Yəhyayeva
Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru