Münxen Təhlükəsizlik Konfransı mühüm beynəlxalq platformadır
Münxen Təhlükəsizlik Konfransı mühüm beynəlxalq platformadır. 20 ildən artıqdır ki, keçirilən Münhen Təhlükəsizlik Konfransı bu istiqamətdə keçirilən tədbirlər içində ən məşhurudur. Bu konfrans Avropa, eləcə də qlobal miqyasda təhlükəsizlik tədbirlərini nəzərdən keçirir. Konfransda bir sıra dövlətlərin başçılarının, siyasətçilərin aktual problemlərin həlli ilə bağlı mülahizələri dinlənilir, yekun sənədlər qəbul edilir. Platformanın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir. Bu il keçirilən konfransda 40 dövlətin lideri və müxtəlif ölkələri təmsil edən xeyli sayda hökumət nümayəndələri iştirak ediblər. Gözlənildiyi kimi, konfransın aparıcı mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, hazırda dünyanı daha çox düşündürən digər məsələlər də gündəmdə oldu. Onlardan biri də enerji təhlükəsizliyi məsələsidir. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakı, məzmunlu çıxışı Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərir. Dəyirmi masada ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.Ən vacib məqamlarından biri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasın keçirilməsidir. Prezident İlham Əliyevin dediyi kimi bu tarixi görüşdür. Çünki, Cənubi Qafqazın üç ölkəsinin lideri ilk dəfədir ki, görüşür. Plenar iclasda dövlətimizin başçısı Vətən müharibəsindən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesi haqqında fikirlərini ifadə etdi. Prezident İlham Əliyev plenar iclasda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını tələb etdi. Dövlətimizin başçısı Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi. Biz xatırlayırıq ki, 2020-ci ilin fevral ayında Münxendə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən debatda Nikol Paşinyan dövlətimizin başçısının arqumentləri, səlis məntiqi qarşısında aciz qalmışdı. Həmin debatdan bir neçə ay sonra Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Prezident İlham Əliyev panel iclasda Qarabağın erməni əhalisi ilə təmasların yalnız bu torpaqda doğulmuş ermənilərlə olacağını bəyan etdi. Kənardan göndərilmiş hansısa erməni ilə heç vaxt ünsiyyət qurulmayacaq. Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində isə ölkəmizin başçısı Qarabağ haqqında hər hansısa müddəanın yer almasının qəbuledilməz olduğunu, sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinin vacibliyini şərt kimi diqqətə çatdırdı. Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını şərh edən Prezident İlham Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırıılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai fəallarımız şərəfli missiyasından əl çəkməyəcəklərini söylədi. Ümumilikdə, Münxen Təhlükəsizlik Konfransı bir daha Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilir.
Hüseyn İsmayılov
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi