Şriftin ölçüsü :

Saytın rəngi :

Münxen Təhlükəsizlik Konfransında cənab Prezident milli-dövlət maraqlarımızı ən üstün səviyyədə qorudu

21 fevral 2023 | 14:51

Prezident cənab İlham Əliyevin 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində   keçirdiyi görüşlər, iştirak etdiyi plenar iclaslarda ona ünvanlanan suallara təmkinlə, diplomatik məharətlə verdiyi cavabları, həmçinin həm xarici, həm də yerli mətbuata  müsahibələri  postmünaqişə dövrü ilə yanaşı, 30 illik  işğal dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi A.Blinkenin təşəbbüsü ilə təşkil edilən Azərbaycan-Ermənistan görüşündə, konfransın sədri Kristof Heusgenin moderatorluq etdiyi, Prezident İlham Əliyevin, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin iştirak etdikləri “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda cənab Prezidentin cavablarından fikrimcə, beynəlxalq münasibətlər, Azərbaycan-Ermənistan münasibətləri və ərazimizdə yaşayan erməni icmasının həyatı baxımından aşağıdakı nəticələr çıxarmaq olar:

- Rusiya-Ukryanya müharibəsindən sonra geosiyasi vəziyyət dəyişəcək, BMT Təhlükəsizlik Şurası da əvvəlki kimi olmayacaq;

- müharibə nəticəsində Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsindən ötrü əlavə imkanlar açılıb. Avropa üçün Azərbaycanın rolu və əhəmiyyəti artıb, beynəlxalq mövqeləri güclənib;

- ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər. Yəni Ermənistan da konstruktivlik göstərsə həm özünə, həm də regiona faydalı olar;

- regionda vəziyyətə iki istiqamətli yanaşma zəruridir: Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Birincisi, Azərbaycan-Ermənistan münasibətlərinə, ikincisi isə Azərbaycan dövlətinin daxili məsələləri cərgəsinə aiddir. İkinci məsələni Azərbaycan Ermənistanla müzakirə etməyəcəkdir;

- Azərbaycan dövləti beynəlxalq tərəfdaşları ilə Qarabağdakı erməni icmasının orada doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparmağa hazırdır. Qarabağa ixrac edilmiş şəxslə belə bir danışıq aparıla bilməz;

- Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, Azərbaycanda Dağlıq Qarabağ inzibati vahidi yoxdur, Qarabağ iqtisadi rayonu vardır. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməsi vacibdir. Bu, bütün dünyaya ciddi xəbərdarlıqdır;

- Laçın-Xankəndi yolunda ekofəalların aksiyası blokada deyildir, yol açıqdır, dinc insanlar, Rusiya hərbi kontingentinin, Qırmızı Xaç Komitəsinin  gedib-gəlirlər;

- Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlasa, beynəlxalq hüququ pozsa da, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsə də, ona qarşı heç bir sanksiya tətbiq olunmayıb. Azərbaycan müharibənin qarşısını almaqdan ötrü Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyib. Bu olmadıqda ərazi bütövlyünü və ədaləti bərpa etmək üçün Azərbaycan qurbanlar verib. Yəni BMT TŞ qətnamələrini özü qan tökərək yerinə yetirib;

- Azərbaycan müharibə aparıb, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Ermənistan kapitulyasiya, təslim aktını imzalayıb;

- Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələri kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğu unudulmamalıdır. Yəni Ermənistan törətdiyi müharibə cinayətlərinə görə cavab verməlidir;

- Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Azərbaycan Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırdır;

-  Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platforma vardır. Onlardan biri Brüssel formatı adlandırılan platformadır. ABŞ  Dövlət katibi A. Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüşdür. Azərbaycan ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlib;

-  Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan bu platformada iştirakı Azərbaycan tərəfindən rədd edilib.  Prezidentin  “Vasitəçi olan tərəf tuta və bunu nümayiş etdirə bilməz”  fikri tərəf saxlamaq istəyən digərlərinə də xəbərdarlıqdır. Yəni tərəf tutanı Azərbaycan yenə də rədd edəcəkdir;

-  Azərbaycan müharibəni öz ərazisində aparıb. Bu müharibə torpaqların azadlığı uğrunda, ədalətli müharibə idi;

- müharibə zamanı Azərbaycanın bir nəfər də olsun əsgəri döyüş meydanını tərk etməyib. Ermənistanda isə fərarilərin sayı 11 minə çatıb. Bu hal təkcə döyüş meydanında uduzmaqla deyil, Ermənistanın apardığı müharibənin işğalçı xarakteri ilə bağlı olub. Ermənilər digər bir ölkənin ərazisində döyüşmək istəməyiblər;

- Ermənistanla sərhəddə Laçında, Şərqi Zəngəzurda və Naxçıvanda sərhəd-keçid məntəqələrinin qurulması zəruridir.

Azərbaycan və dünya ictimaiyyəti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir daha Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanı, tutarlı faktlarla çıxılmaz vəziyyətə və aciz duruma salınmasının şahidi oldu. Göründüyü kimi, Azərbaycan Prezidentinin Nikol Paşinyana verdiyi dərs, təkcə Ermənistanın deyil, bütövlükdə dünyanın hər yerində təşkilatlanmış, qlobal media resurslarında öz şəbəkələrini yaratmış, vahid mərkəzdən idarə olunan erməniliyin və onların çoxsaylı himayədarlarının uzun illərdən bəri dövlətimizə qarşı apardıqları siyasətin dünyanın gözü qarşısında darmadağın edilməsi kimi tarixə düşdü və Prezident İlham Əliyevin şəxsində liderin, dövlət başçısının öz xalqının maraqlarını necə məharətlə, qətiyyətlə müdafiə etməsinin bariz nümunələrindən biri kimi qeyd olunmaqdadır. Münxen Təhlükəsizlik Konfransında cənab Prezident milli-dövlət maraqlarımızı ən üstün səviyyədə qorudu,  eyni zamanda bir çoxlarına haqq-ədalət, beynəlxalq hüquq dərsi keçdi.

 

Sevinc Ələkbərova

Şirvan Dövlət İqtisadiyyat və Humanitat Kollecinin tarix müəllimi 

Keçidlər