Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir.

20 noyabr 2022 | 19:27
Bu gün qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Ulu Öndər Heydər Əliyev uzaqgörən və gələcəyə hesablanmış siyasəti ilə Azərbaycanı yenidən qurdu, azərbaycanlıları isə bir xalq, millət olaraq özünə qaytardı. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birliyini təmin etdi. Azərbaycan sözün əsl mənasında özünü dünyaya müstəqil dövlət kimi təqdim etdi. Ulu Öndərin titanik fəaliyyəti sayəsində ölkə daxilində sabitliyin yaradılması bütün sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi.
Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkədə mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı. Belə bir şəraitdə xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd bütövlükdə xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın tanınmış və nüfuzlu ziyalılarının imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri idi. Oktyabrın 24-də Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verməklə partiyanın yaradılmasına razılıq verdi, bununla da Azərbaycanın gələcək taleyini müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”, - deyə Ulu Öndər diqqətə çatdırmışdı. Bu, Ümummilli Lider Heydər Əliyevin növbəti dəfə xalqın və dövlətin gələcəyi, dövlətçiliyimizin xilası naminə siyasi məsuliyyəti öz üzərinə götürməsi, yüksək vətənpərvərlik və milli təəssübkeşlik nümunəsi ortaya qoyması idi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu.
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Bir sözlə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və ölkəmizi parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər.
Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, sıraları günbəgün genişlənən, bütövlükdə regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ili tamam olur. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandı. Partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovetlər birliyinin dağılmasından sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və ictimai birliklər təşəkkül tapmağa başladı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki xilas edə bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq böhran vəziyyətinə çatdırdılar.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların firavan həyatının təmin edilməsidir. Partiyanın fəaliyyətinin əsasını təşkil edən müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatıdır. Xalqın Heydər Əliyevə olan böyük inamı və sevgisi nəticəsində qısa müddətdə respublikanın bütün bölgələrində partiyanın yerli təşkilatları yaradıldı.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu il dönümü haqqında danışarkən ilk növbədə dünyaşöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündən kino lenti kimi keçir, Ulu Öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri hörmətlə, ehtiramla anılır. Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib.Yeni siyasi fəlsəfə ilə, yeni baxışlarla ölkənin siyasi meydanına qədəm qoyan partiya qısa bir zamanda böyük və nüfuzlu siyasi təşkilat olduğunu sübut edib. Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin dedyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib. Öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Bu gün də Yeni Azərbaycan Partiyası ölkə Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edir, ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirir.
 
 
Qasımova Gültəkin
 
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi
Keçidlər