Od çərşənbəniz mübarək!
Bu gün Novruzun ikinci çərşənbəsi-Od çərşənbəsidir. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır.
Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb.
Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar. Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun.
Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar, alovu ruhi arınma mərhələsinin sonu sanarmışlar.
Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.
Qoy bu çərşənbə axşamı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gerçək olsun! Od çərşənbəniz mübarək olsun!