Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizin enerji potensialı əhəmiyyətli dərəcədə güclənməkdədir

16 fevral 2023 | 11:26

Təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı Azərbaycan Respublikasının regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Ölkə iqtisadiyyatının inkişafında Ümummilli Lider Heydər Əliyevin neft amilinə xüsusi önəm verməsi də bizim bu günümüzə hesablanmış mühüm addımlar sırasındadır. Azərbaycanın bugünkü reallıqlarının əsasını tarixə “Əsrin müqaviləsi” kimi daxil olan beynəlxalq neft sazişi qoymuşdur. Həmçinin əməkdaşlığın coğrafiyası genişlənmiş və bu istiqamətdə başlanğıc kimi dəyərləndirilən “Cənub qaz dəhlizi”nin rəsmi açılışı olmuşdur. Artıq iki ildir istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropa məkanında artan nüfuzunun göstəricisidir. Dövlət başçısı İlham Əliyev fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu mühüm addımın Azərbaycana qazandıracaq uğurlardan geniş bəhs edərək bildirdi ki, təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Dövlətin iqtisadi inkişafı həm də onun enerji resursları ilə hansı səviyyədə tə­min edilməsindən də asılıdır. Bu baxımdam Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sı­ra­sındadır. Cənab Prezident çıxışında qeyd etdi ki, ölkəmizin enerji potensialı əhəmiyyətli də­rəcədə güclənməkdədir. Bu baxımdan Mingəçevir Azərbaycan üçün, müəyyən mənada, baza he­sab edilə bilər. 2025-ci ildə Mingəşevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stan­si­yasının açılışı olacaq. Bu, Azərbaycan üçün qüdrətə qüdrət kimi yaşanılacaqdır. Bu layihədə “Azərenerji” ilə yanaşı, İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri iştirak edirlər. Təməlqoyma mərasimində İtaliyanın şirkətlər və “Made İn İtaly” naziri Adolfo Ursonun iştirakı ona dəlalət edir ki, İtaliya ölkəmizlə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Nəzərə alsaq ki, bu əməkdaşlıq artıq enerji ilə bağlı strateji sahəni də əhatə edir, gələcək əməkdaşlığın daha əhatəli olacağı barədə indidən fikir yürütmək olar. Prezident cənab İlham Əliyev çıxışında əlaqələrin inkişafına xüsusi diqqət yetirdi və yeni layihədə İtaliyanın əsas tərəfdaş kimi iştirakının təsadüfi olmadığını qeyd etdi: “TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq”. İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident cənab İlham Əliyev azad edilmiş ərazilərdə elektroenergetika sahəsində görülmüş işlərə də diqqət çəkərək bildirmişdir ki, azad edilmiş ərazilərdə artıq 10-dan çox yarımstansiya və bir o qədər su elektrik stansiyası inşa edilmişdir. Elektroenergetika sahəsi ölkəmizdə son illər ərzində çox sürətlə və uğurla inkişaf edib. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, bu stansiyaların da generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda isə Azərbaycanın ümumi generasiya gücü 7200 meqavatdır. Heç şübhəsiz ki, 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının inşasının başlanması da Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti uğur olmaqla yanaşı, yüzlərlə yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Eyni zamanda, yeni tikiləcək stansiyada ildə 1 milyard kubmetr qaza qənaət edilməsi isə Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

 

Fəxrəddin Rəhimov

Şirvan şəhər Ağsaqallar Şurasının sədri

Keçidlər