Ömrünü xalqına bağışlayan Lider
Ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Hərənin bir ömür payı var. Kiminin mənalı, kiminin adi. Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Qısa zaman kəsiyində Ulu Öndər xalqının əsrlər boyunca uğurunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizləri ən yüksək məqama - müstəqilliyə qovuşdurdu. Millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Ulu Öndər hələ sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri reallaşdırdı. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açaraq qısa zaman kəsiyində ölkəmiz ittifaq tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, yeni tarixinin əsasının qoyulması labüd idi. Həqiqətən də sovet dönəmində xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı və bu potensial müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi. Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində fundamental uğurlara imza atdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində əvəzsiz rol oynayan Heydər Əliyev ölkəmizi tənəzzüldən milli inkişaf və intibaha doğru apardı. 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat vermişdi. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, Ulu Öndər Heydər Əliyev 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdi. Müstəqilliyimizin ilk illərində baş verən hadisələrin xalqı, bütövlükdə, uçuruma sürükləyirdi. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev xalqın ümidini tez bir zamanda doğrultdu. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynadı. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi və tənəzzülə uğramasının qarşısının alınması, yeni dövrün tələblərinə uyğun tərzdə islahatların həyata keçirilməsi önəmli idi ki, Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyini ifadə edən amillərdən biri də odur ki, 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması ilə milli iqtisadi inkişafın təməlini qoydu. Əlbəttə, "Əsrin Müqaviləsi"nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Natiqlik məharəti auditoriyanı inandırmaq sənətidir və hələ qədim zamanlarda bu sənətin imkanlarını məhz bu cür müəyyənləşdirirdilər. Hər bir nitq natiqin dünyagörüşünün məhsuludur. Heydər Əliyev həm də zəmanəsinin görkəmli natiqlərindən biri olmuşdur. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi idi. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpırdı. Ulu Öndər bir natiq kimi zəngin söz ehtiyatına malik idi. O, danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. Nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən və yerində işlədilən ifadəlilik vasitələrini – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s. siyasi liderin nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz idi, müqəddəs idi. O, bu dilə mükəmməl yiyələnmişdi. Ulu Öndər Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O, heç bir qeydə baxmadan danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. İti yaddaşa və güclü hafizəyə malik idi, öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alaraq öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. Auditoriya Heydər Əliyevi öz qarşısında Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan bir dilçi alim görürdü. Heydər Əliyev ən müxtəlif auditoriyalar qarşısında çıxış edirdi. Bu auditoriyaları öz parlaq çıxışları ilə fəth etmək yalnız güclü məntiqə malik təfəkkürdən süzülüb gələn nitqlə mümkün olur. Bütün bunlara nail olmaq geniş ensiklopedik biliklərə söykənməyin nəticəsidir. Müxtəlif peşə sahiblərinin toplaşdığı zallar öz peşələrinə aid olan dəyərli sözləri eşidir, həmin peşələrə xas olan daxili məzmunun incələnməsinin şahidi olur, heyranlıqlarını gizlətmirlər. Bütün bu auditoriyalarda Heydər Əliyevin heç yerdə yazılmayan, heç kəs tərəfindən təkrar olmayan nitqinin şahidi olurduq. Məhz belə nitqlər daimi və yaddaqalan olur.
Ulu Öndər bütün çıxışlarında mənəviyyat məsələlərinə toxunurdu. O deyirdi: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq, budur vətənpərvərlik”. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, qələbə qazanması tariximizə qələbəmizə həkk etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilməsi və Ulu Öndərin 100 illik yubileyi həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından kənarda böyük təntənə ilə qeyd ediləcək. Bütün bunlar xalqımızın azərbaycanlı olması ilə həmişə qürur duyan, "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyərək siyasət meydanına atılaraq xalqı və dövlətinin xilası, onun gələcəyi üçün misilsiz işlər həyata keçirən Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə dərin ehtiramının, minnətdarlığının təcəssümüdür.
Qasımova Gültəkin
Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi