Orta ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunlarının şəhər birinciliyi keçirilib.
7 aprel 2023-cü il tarixdə Tahir Bağırov adına 11 nömrəli tam orta məktəbdə Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunlarının şəhər birinciliyi keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşları, ümümtəhsil müəssisələrinin direktorları, hərbi hazırlıq müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad edilib.
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov yarışı giriş sözü ilə açaraq gənclərdə vətənpərvərlik, vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların vətənpərvərlik ruhunda böyüməsi, hərbi xidmətə hazırlanması məqsədilə hər il keçirilən “Şahin” hərbi-idman oyunlarının vacib məsələ kimi dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirib. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin keçirdiyi məqsədyönlü siyasət nəticəsində ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasından, maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsindən bəhs edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ordumuzun qalib gələrək işğal altında olan torpaqlarımızı azad etməsində vətənpərlik təbliğatının düzgün aparılmasının rolunu vurğulayıb . Lakin buna baxmayaraq hər bir vətəndaşın daim torpaqlarımızın müdafiəsinə hazır olmalı olduğunu diqqətə çatdırıb. “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsədin böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək olduğunu bildirib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva yeniyetmə və gənclərimizin hərbi-idman oyunlarına həvəslə hazırlaşmasından və yarışlarda coşğu ilə mübarizə aparmasından sevinc və qürur hissi keçrdiyini bildirib. Bu şagirdlər arasından gələcəyin igid əsgərlərinin yetişdiyini vurğulayıb. 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələri ilə haqlı olduğumuzu dünyaya sübut etdiklərini diqqətə çatdırıb. Üçrəngli bayrağımızın işğaldan azad olunmuş torpaqlarımızda dalğalanmasına və şəhidlərimizin qəhrəmanlığı nəticəsində rahat yaşaya bildiyimizə görə son 30 ildə yetişən gəncliyə minnətdar olduğmuzu söyləyib. Yarış iştirakçılarına uğurlar arzulayıb və gələcəkdə Vətənin müdafiəsinə daim hazır olmalarını tövsiyə edib.
Çıxışlardan sonra Hərbi-idman oyununda komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə öz qüvvələrini sınayıblar.
Mətbuat xidməti