Polietilen torbaların sağlamlığa və təbiətə zərəri barədə maarifləndirici görüş keçirilib.
3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 iyun 2022-ci il tarixdə “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində icra nümayəndəliklərinin, bələdiyyə sədrləri və üzvlərinin, iri ticarət və ictimai iaşə obyektlərinin rəhbərlərinin iştirakı ilə birdəfəlik istifadə üçün nəzərədə tutulmuş polietilen torbaların və plastik qabların insan orqanizminə və ətraf mühitə zərərli təsirinin azaldılması ilə bağlı maarifləndirici görüş keçirilib.Görüşdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili vıə proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev, İdarənin aparıcı məsləhətçisi Səbuhi Şərifov qalınlığı 15 mikrona qədər olan polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacaq (qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların) məhsullarının ticarət şəbəkələrində satılmasının və verilməsinin qadağan olunması ilə bağlı qanunvericiliyin tələbləri barədə iştirakçılara ətraflı məlumat veriblər. Belə məhsulların ətraf mühitə və insan sağlamlığına ziyan vurmaqla yanaşı, təkrar emala yararlı olmadığını bildiriblər. İstifadə müddətinin 20 dəqiqə olan polietilen torbların ümumi tullantıların 10 faizini təşkil etdiyini, lakin onların çürüməsinə 500 ildən çox vaxt lazım olduğunu diqqətə çatdırıblar. Qalınlığı 15-50 mikron olan polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsinin və satış qiyməti barədə əvvəlcədən məlumatın verilməsinin vacibliyindən bəhs ediblər. Keçirilən maarifləndirici tədbirlərin əsas məqsədinin vətəndaşlarda plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişlərinin aşılanması olduğunu qeyd ediblər. Alış-veriş zamanı polietilen torbalardan deyil, ekoloji təmiz parça və ya kağız torbalardan istifadə edilməsinin vacibliyini vurğulayıblar. Görüş diskusiyya şəraitində davam edib. Verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Mətbuat xidməti