Praqa görüşündə İlham Əliyevin diplomatik qələbəsi.
Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqaya səfər edən Prezident İlham Əliyev “Avropa siyasi birliyi”nin Zirvə Toplantısında iştirak edib və "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada çıxış edərək bir daha Ermənistanın 30 il ərzində işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizmi və hazırkı Azərbaycan reallıqlarını dünyaya bəyan edib. Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi”nin Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu şəkildə və birlik ruhunda bir araya gətirir.
Prezident İlham Əliyevin Praqa səfəri çərçivəsində çox mühüm görüşlər keçirilib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənsitanın Baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş iki hissədən ibarət olmaqla beş saatdan artıq davam edib. Görüşün nəticələri göstərib ki, cənab İlham Əliyev növbəti dəfə xalqımızın milli maraqlarına uyğun, müstəqil siyasət yürüdərək qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi, Azərbaycanın ədalətli mövqeyini bir daha onların diqqətinə çatdırıb.
Görüşdə ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilmişdir və həmin bəyanatda “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış olub.
Ermənistanla Azərbaycan arasında münaqişə bitdikdən sonra delimitasiya və demarkasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilməsi barədə müzakirələr olub. Regiona tam sabitlik gətirilməsi baxımından bu, çox önəmlidir. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeyi prinsipial olaraq təmin olunub və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident cənab İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alınıb.
İlham Əliyev Praqada Avropa siyasi birliyi Toplantısı çərçivəsində Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd edib: Dövlət başçısı deyib ki, 3 ölkə enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edə bilər. Bu Ermənistan hakimiyyətinə və cəmiyyətinə mesajdır ki, siyasətinizi və baxışlarınızı dəyişəcəyiniz halda regonal əməkdaşlıqdan faydalacaqsınız. İlham Əliyev Türkiyə-Ermənistan dialoqunu da dəstəklədiyini və bu prosesin Azərbaycan-Ermənistan dialoqu ilə paralel getdiyini bildirib. Bu isə o deməkdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması əsas şərtdir.
Bu görüş Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin tarixi qələbəsi hesab edilə bilər. Çünki bu hadisə son 30 ildə yeganə faktdır ki, Azərbaycan tərəfi özünün bütün şərtlərini Ermənistana qəbul etdirməyi bacarıb. Daha doğrusu, rəsmi İrəvanı məcbur edib ki, Azərbaycanın şərtlərini qəbul etsin, bu şərtlərlə razılaşsın. Bu baxımdan, Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük zəfəridir və bu zəfər dövlətimizin hərbi platformada olduğu kimi, siyasi platformada da güc sahibi olduğunu göstərib.
Yahyayeva Fəridə
Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi