Şriftin ölçüsü :

Saytın rəngi :

Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu.

10 oktyabr 2022 | 18:22

Oktyabrın 6-da Çex Respublikasının Baş naziri Petr Fialanın və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Çexiyanın paytaxtı Praqaya səfər edən Prezident İlham Əliyevin eyni zamanda, "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirakı, ilk növbədə, dövlət başçımızın şəxsiyyətinə, nüfuzuna göstərilən hörmət, mühüm məsələlərin həllindəki mövqeyinin isə daim diqqət mərkəzində olmasının sübutudur. Praqa görüşü və orada qol çəkilən sənədlərin bütün dünya, o cümlədən Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Bunu Azərbaycanın xarici diplomatiyada qələbəsi kimi qiymətləndirmək lazımdır.

Prezident cənab İlham Əliyevin Praqa səfəri çərçivəsində çox mühüm görüşlər keçirildi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənsitanın Baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş iki hissədən ibarət olmaqla beş saatdan artıq davam etdi. Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu. Görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı. Görüşün nəticələri göstərdi ki, cənab İlham Əliyev növbəti dəfə xalqımızın milli maraqlarına uyğun, müstəqil siyasət yürüdərək qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi, Azərbaycanın ədalətli mövqeyini bir daha onların diqqətinə çatdırdı. Yekunda qəbul edilmiş bəyanat Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini və suverenliklərini tanıması ilə əlamətdar oldu. Bu, çox vacib məqam, sülhə doğru atılmış çox mühüm bir addım idi. Çünki bu günə kimi Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tanınmamışdı. Bu xüsusda BMT-nin Nizamnaməsi əsas sənəd kimi götürüldü. Əlbəttə, faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiqləndi. Ermənistan suverenliyimizi tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını bəyan etmiş oldu. Artıq belə bir nəticə də hasil etmək olar ki, dördtərəfli görüşün nəticələri Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Məsələn, əgər Ermənistan daha əvvəlki görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanımamaq üçün müxtəlif xarakterli manipulyasiyalara əl atırdısa, artıq indi belə manipulyasiyaların təsir gücünün olmaması Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində sübuta yetirildi. Rəsmi İrəvan çıxış yolunun olmadığını və belə davam edərsə daha ağır vəziyyətlərə düşə biləcəyini anlayaraq imzalanmış birgə Bəyanatda bunu öz imzası ilə təsdiq etdi.

Beləliklə, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etdi və Qarabağ məsələsi gündəmdən çıxdı. Eyni zamanda, artıq Ermənistana həmin istiqamətdə havadarlıq edən dairələr də anladılar ki, bu məsələ Azərbaycanın daxili işidir və heç bir halda ölkəmizə aid olan hər hansı bir məsələyə müdaxilə etməyə heç bir əsasları yoxdur.

 

Ağamalıyev Xudakərim

Şirvan şəhər 5 nömrəli ümumi orta məktəbin direktoru

Keçidlər