Prezident cənab İlham Əliyevin müəyyən etdiyi siyasi xətt və iqtisadi inkişaf proqramları ölkəmizin dayanıqlı inkişafını təmin edib.
Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Əsası Ulu Öndər tərəfindən qoyulan uğurlu sosial-iqtisadi, siyasi, mədəni inkişaf bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın əldə etdiyi uğurların səbəbi isə 2003-cü ildən bu günümüzə qədər ardıcıl, çoxşaxəli, bir-birini tamamlayan nəticələrə əsaslanır. Təbii ki bu inkişafın başlıca səbəbi düzgün, şəffaf və məqsədyönlü islahatların aparılması və nailiyyətlərin əldə olunmasıdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi xətt və iqtisadi inkişaf proqramları ölkəmizin dayanıqlı inkişafını təmin edib. İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının söylədiyi fikirlər bunu bir daha təsdiq edir. Cari ilin ötən 6 ayında qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektorunun isə 3 faizdən çox artması real iqtisadiyyatın yüksələn xətlə inkişafının göstəricisidir. Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatların nəticəsi olaraq 2023-cü ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manat vəsait daxil olub. Buna, ilk növbədə şəffaflığın təmin edilməsi, düşünülmüş daxili sərmayə yatırımı, səmərəli iqtisadi proqramların icrası və ən başlıcası isə şəffaflığın təmin olunması sahəsində nail olunub. Əlavə büdcə gəlirlərinin Qarabağın bərpasına, Zəngəzur dəhlizinin reallaşmasına yönəldilməsi də gələcək üçün investisiya hesab oluna bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizi Şərqlə Qərbi nəqliyyat baxımından birləşdirən beynəlxalq əhəmiyyətli iqtisadi layihədir. Avropa ilə Asiyanın ticarət dövriyyəsi məhz bu dəhlizin formalaşmasından asılı olacaq. Çindən Avropaya və əks istiqamətə daşınan yüklərin Azərbaycan ərazisindən keçməsi ölkəmizə yalnız iqtisadi dividendlər deyil, eyni zamanda, siyasi zəmanət də qazandıracaq. Qarabağ və Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi, eyni zamanda, Silahlı Qüvvələrimizin modernləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi, yeni silah və texnikaların alınmasına yönəldiləcəyi barədə danışan cənab İlham Əliyev, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində tədbirlərin davam etdirildiyini, infrastruktur layihələrinin reallaşdırıldığını, Böyük Qayıdışın tezləşdirilməsi üçün xərclərin artırılacağını vurğulayıb: “Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar”. Artıq Böyük Qayıdış proqramı başlayıb. Talış kəndinə və Laçın şəhərinə ailələr köçürülüb, Zabux və Sus kəndlərinə də ilin sonuna qədər qayıdış planlaşdırılıb. Proqram çərçivəsində 100-ə qədər yaşayış məntəqəsinin salınması planlaşdırılır. Bu günə qədər 30 yaşayış məntəqəsinin bünövrəsi qoyulub. Prezidentin birbaşa iştirakı ilə səkkiz şəhər, 22 kənd və qəsəbənin yenidən qurulması istiqamətində addım atılıb. Azad edilmiş ərazilərimizdə dövlət qurumlarının fəaliyyətinin təmin edilməsi, baş planların hazırlanması və təsdiqi, bütün bu işlərin aparılması istiqamətində böyük irəliləyiş var. 2023-cü ilin 6 ayının sosial iqtisadi inkişafının yekunları, Azərbaycanın tam müstəqil siyasi xətt tutaraq daim inkişafa doğru irəlilədiyini bir daha təsdiq edir.
Quluzadə Namidə
Şirvan Şəhər Mədəniyyət Mərkəzinin direktoru