Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi ilə Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırdı

16 yanvar 2023 | 09:56
Ötən həftə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına üç saata yaxın davam edən müsahibə verərək gündəmdə olan bir çox məsələlərlə bağlı açıqlama vermiş, ötən ilin yekunlarını qiymətləndirmiş, müharibədən sonrakı dövrdə görülən işlər, Ermənistanla aparılan danışıqlar, münasibətlərin perspektivləri, sülhməramlıların fəaliyyəti, ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyət istiqamətləri, yeni dünya düzənində Azərbaycanın rolu və daha bir çox məsələlərlə bağlı fikirlər səsləndirmişdir. Müsahibə olduqca geniş formatda olmaqla yanaşı, verilən sualların çoxşaxəliliyi ilə də diqqət çəkirdi. Müsahibə zamanı ölkə başçımıza ilk olaraq ötən ilin iqtisadi yekunları və cari ilin praqnozları ilə bağlı sual verilmiş və cənab Prezident olduqca əhatəli formada bu sualı cavablandırmışdır. Bildirilmişdir ki, 2021-ci ildə ölkəmizdə iqtisadi artım 5 faizdən, qeyri-neft iqtisadiyyatı 7,2 faizdən, ümumi sənaye istehsalı isə 5 faizdən çox artmış, qeyri neft sənayesində artım 20 faizə yaxın olmuşdur. Bununla yanaşı, valyuta ehiyatlarımız 2,5 milyard dollar artmış, xarici ticarət balansının müsbət saldosu 10 milyard dollardan artıq olmuşdur. Bu rəqəmlərin hər biri ayrı-ayrılıqda olduqca vacib olmaqla, ölkəmizdə iqtisadi mənzərənin nə ölçüdə ürəkaçan olduğunun sübutudur. Bütün dünyanın pandemiya, ərzaq qıtlığı və daha bir çox qlobal bəlarlarla mübarizə apardığı bir dövrdə Azərbaycan artıq iqtisadi tənəzzüldən çıxıb və dünya iqtisadiyyatında hansı formada və səviyyədə böhran baş verməsindən asılı olmayaraq bütün sınaqlara hazırdır.
İqtisadiyyatla bağlı diqqətçəkən başlıqlardan biri valyuta ehtiyatlarının qorunmasının vacibliyi ilə bağlı dövlət başçımızın səsləndirdiyi fikirlər idi. Valyuta ehtiyatlarımızın postmünaqişə dövründə olmağımıza və cari ildə azad edilmiş torpaqlarda və ümumilikdə Respublika ərazisində nəzərdə tutulan bütün investisiya proqramlarının yerinə yetirilməsinə baxmayaraq, artması təbii olaraq sevindirici haldır. Ən azından ona görə ki, valyuta ehtiyatları ölkələrə xaricdən asılılığın minimuma endirilməsi və azad siyasət yeritmək üçün zəmanət verir. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Qısa müddət öncə ölkəmizin müstəqillik tarixindəki ən böyük sınağı ilə üz-üzə qaldığı 44 günlük Vətən müharibəsi dövrünü xatırlayaq. Əgər o günlərdə Azərbaycan iqtisadi cəhətdən özünü tam təmin edən güclü bir dövlət olmasaydı şübhəsiz ki, bu gün əldə olunan nəticə xəyal olardı. Prezident İlham Əliyevin böyük zəfərimizin birinci ildönümündə Şuşada hərbçilər qarşısında etdiyi çıxışda dediyi fikirləri xatırlayaq: “Biz iqtisadiyyatı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək”. Beləliklə, səsləndirilən bu fikirlərdən də tam aydındır ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Yəni, Azərbaycan bu gün əldə etdiyi böyük zəfərini illərlə hədəfə hesablanmış şəkildə aparılan ağıllı siyasətə, rəşadətli hərbiçilərinin qəhrəmanlığına borclu olduğu kimi həm də iqtisadi müstəqilliyinə də borcludur. Ölkəmizdə iqtisadi və sosial siyasət daima bir-birinin tamamlayıcısı olan iki sahə olaraq nəzərə çarpmaqdadır. Biz bunun demək olar ki, bütün sahələrdə təzahürlərini görürük. Təkcə son iki ildə Azərbaycan hökumətinin yeritdiyi siyasətə diqqət etsək deyilənlərin düzgünlüyünü təsdiq etmək üçün kifayət etdiyini görərik. Belə ki, bütün dünyanı sarsıdan, hətta ən güclü iqtisadiyyata malik ölkələri belə təlatümə salan, vətəndaş yoxsa iqtisadiyyat seçimi qarşısında qoyan pandemiya dövründə Azərbaycan daima vətəndaş amilini üstün tutdu. Bununla yanaşı, cəmi bir il öncə ölkəmiz ərazi bütövlüyünü bərpa etmək, otuz illik işğalı sona çatdırmaq üçün böyük bir savaş verdi. Bu gün müharibədən çox qısa bir müddət keçməsinə baxmayaraq, artıq müharibənin izlərinin silinməsi, bölgənin canlanması və 30 ildir ki, öz doğma torpağından didərgin düşmüş bir milyona yaxın məcburi köçkünün evlərinə qayıtması üçün sürətli bərpa və yenidənqurma işləri görülməkdədir. Əlavə olaraq, müharibə zamanı şəhid olmuş qəhrəmanlarımızın ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların əzizlərinin mənzillərlə təmin olunması istiqamətində böyük işlər görülür, Vətən uğrunda öz sağlamlığından keçən qazilərimizin də həm sağlamlığının bərpası, həm də onların sosial rifahının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu gün əminliklə demək olar ki, Azərbaycan həssas təbəqəyə göstərilən diqqət və qayğıya görə bütün dünyaya nümunə olacaq bir siyasət sərgiləyir. Onu da vurğulamaq istərdim ki, ötən ili son günləri də sosial siyasətin Azərbaycan xalqı üzərindəki təzahürlərinin görünməsi baxımından əlamətdar idi. Belə ki, ölkəmizdə minimum əməkhaqqı, minimum pensiya , müavinətlər, təqaüdlər və sosial müavinətlər artırıldı. Bütün bunlar Azərbaycan xalqının sosial rifahının gücləndirilməsi və daha yaxşı gələcəyinin təminatı məqsədilə həyata keçirilən vacib addımlardır. Nəzərdə tutulmuş artımlar əhalinin bütün təbəqələrini əhatə etməkdədir. Xatırladaq ki, 2019-2020-ci illərdə də böyük sosial islahatlar həyata keçirilmiş, əməkhaqları və sosial ödənişlər ciddi şəkildə artırılmışdı. Ümumiyyətlə son illərdə minimum əmək haqqı və minimum pensiyalar təqribən 2 dəfə artmış, orta pensiya 60%, orta əmək haqqı təqribən 40%, sosial ödənişlərin orta məbləği 2 dəfədən çox artırılmışdır. Beləliklə, heç bir şübhə yoxdur ki, bu addımların nəticəsi olaraq ölkə əhalisinin rifahı günü-gündən yüksələcək və bütün dünyanın pandemiyadan əziyyət çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı çiçəklənməyə davam edəcək.
 
 
Aidə Əsədova
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Tərbiyə işləri üzrə direktor müavini
Keçidlər