Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Albaniya səfəri müstəsna əhəmiyyətə malikdir.

17 noyabr 2022 | 11:05

Albaniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. 4 yanvar 1992-ci ildə rəsmi Tirana Azərbaycanın müstəqilliyini tanımışdır. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 23 sentyabr 1993-cü ildə qurulmuşdur.  Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. Bu amil isə iki ölkə arasında siyasi dialoqun daim yüksək səviyyədə olmasının sübutudur.  İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş" imzalanıb. Onu da vurğulayaq ki, Albaniya 2022-2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin əsas istiqamətidir. Azərbaycan ilə Albaniya "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Albaniyanın yüksəksəviyyəli rəsmiləri (nazir və ya nazir müavini səviyyələrində) "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasına səfər edib. Qeyd edək ki, bu Prezident İlham Əliyevin Albaniyaya ilk rəsmi səfəridir. Səfərin məqsədi iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsindən ibarətdir. O cümlədən, ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşdü. Məhz bu görüşlər siyasi dialoqun yüksələn xətlə inkişaf etməsinin sübutudur. Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. İqtisadi sahədə əməkdaşlığa gəlincə deməliyik ki, Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilib. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin (CQD) iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlayıb. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri də TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə, həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib. Dövlət başçısı İlham Əliyevin Albaniya Prezidenti Bayram Beqay ilə təkbətək görüşündən sonra mətbuata bəyanatında bildirib ki, “Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”. Prezident cənab İlham Əliyevin Albaniya səfəri müstəsna əhəmiyyətə malikdir. Xüsusilə də bir NATO ölkəsi olaraq Albaniyanın NATO-Azərbaycan əlaqələrinin inkişafına öz töhfəsini verə bilməsi baxımından da bu səfər əhəmiyyətli hesab oluna bilər. Bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafı və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

Həsənov Orxan

Şirvan-Salyan Regional Təhsil İdarəsi, Şirvan sektorunun aparıcı məsləhətçisi 

Keçidlər