Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublika ərazisində beynəlxalq yük və sərnişin daşımalarının mexanizmi dünya təcrübəsi əsasında daha da optimallaşdırılır və bu sahədə müvafiq hüquqi baza yaradılır.

29 noyabr 2022 | 14:31

Bu gün Xəzər-Qara dəniz coğrafiyasında və daha geniş arealda ölkələr arasında əməkdaşlıq əlaqələrinin dərinləşməsində müstəqil Azərbaycanın mühüm rolu yalnız enerji sektoru ilə məhdudlaşmır. Azərbaycanın regionda və qlobal miqyasda geostrateji önəmini artıran faktorlar sırasında ölkəmizin tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malik olmasını xüsusi qeyd edə bilərik. Avropa ilə Asiyanın qovşağında əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Bu gün Azərbaycan nəqliyyat sektorunda öz tərəfdaşlarına geniş imkanlar təqdim edən ölkədir. Əlverişli coğrafi mövqeyə malik olması Azərbaycanın tranzit məkana çevrilməsini şərtləndirən yeganə amil deyil. Sirr deyil ki, hazırda dünyada digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da ciddi rəqabət hökm sürür. Belə sərt rəqabət mühitində tranzit ölkələr daşımalar üçün daha əlverişli şərait yaratmaqla önə çıxa bilərlər. Azərbaycanın üstünlüyü ondadır ki, ölkəmizin əlverişli coğrafi mövqeyi dövlətin güclü siyasi iradəsi, tariflərin optimallaşdırılması, həmçinin daşımaların rahat və təhlükəsiz həyata keçirilməsinə imkanlar yaradan müasir infrastrukturun qurulması kimi mühüm amillərlə tamamlanır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, son 16 ildə ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə bir sıra önəmli layihələr reallaşdırılıb. Belə ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 15 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən güclü dəniz donanmasına malikdir - 260 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Hazırda ölkə ərazisində altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Eyni zamanda, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublika ərazisində beynəlxalq yük və sərnişin daşımalarının mexanizmi dünya təcrübəsi əsasında daha da optimallaşdırılır və bu sahədə müvafiq hüquqi baza yaradılır. Azərbaycan yerləşdiyi coğrafiyanın nəqliyyat-tranzit imkanlarının genişləndirilməsinə yönələn bütün təşəbbüsləri dəstəkləyir, eləcə də bu məqsədlə reallaşdırılan layihələrdə yaxından iştirak edir. Məlum olduğu kimi, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Xəzəryanı dövlətlərin mövqelərinin yaxınlaşmasına və nəticədə bəhs olunan sənədin imzalanmasına Azərbaycan da öz töhfəsini verib.Bəhs olunan Konvensiya sahil dövlətlərinin dənizin resurslarından bərabərhüquqlu əsaslarla bəhrələnmələrinə zəmin yaradan çox mühüm bir sənəddir. Bununla da Xəzər dənizinin ümumi hüquqi rejimi müəyyən edilib. Sözügedən Konvensiyanın imzalanması Xəzər hövzəsi regionunun tranzit imkanlarından istifadə edilməsi baxımından da böyük önəm daşıyır. Azərbaycan həmçinin Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə də öz töhfəsini verməyə çalışır. Qeyd edək ki, hazırda 150 ölkə Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verir, o cümlədən bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da bu sırada yer alır. Bəhs olunan təşəbbüs dünyanın inkişafında yeni mərhələdir. Ölkənin tranzit imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən maddi və siyasi dəstək tədbirləri öz müsbət nəticəsini verir. Belə ki, ölkəmizin tranzit daşımaları üçün önəmi getdikcə artır. Bu gün Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi töhfələrdən biridir. Xəzər sahilində - Ələt qəsəbəsində tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkəmizin tranzit imkanlarının genişləndirilməsi məqsədilə icra olunan ən böyük infrastruktur layihələrindən biridir. Respublikamız Xəzərdə ən böyük liman tikməklə növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. 2018-ci il mayın 14-də isə Prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı keçirilib. Limanın akvatoriyasında dərinləşdirmə işlərini Hollandiyanın “Van Oord” şirkəti həyata keçirib. Həmin qurum tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub. Bu isə Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasına imkan verir. Azərbaycanın tranzit potensialının genişlənməsi üçün böyük imkanlar açan liman 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni vaxtda 11 gəmi yan ala bilər. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Ümumiyyətlə isə bütün inşa işləri bitdikdən sonra liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 min konteyner yük aşıra biləcək. Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb. Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə müxtəlif təyinatlı 72 bina və qurğu inşa olunub. Prezident İlham Əliyevin 25 noyabr tarixində ADA universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bu məsələyə toxunaraq bildirmişdir: “Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - mövcuddur. Eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə olmalıdır. Yüklərin Xəzər istiqamətində çatdırılmasına, Trans-Xəzər imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyac var”. Dövlətimizin başçısı iqtisadi layihələr, həyata keçirilən mühüm tədbirlərə toxunaraq bütün bu proseslərin icrasında önəmli elementlərdən olan sabitliyin əsas amil olduğunu qeyd edib. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol bilavasitə uğurlu daxili siyasətinin nəticəsi ilə bağlıdır. Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşirik və bu isə bir çox layihələrin gerçəkləşməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin dəqiq və mükəmməl hesablanmış siyasəti nəticəsində ölkəmiz bölgə ilə bağlı bütün böyük layihələrin önündə dayanır. Son vaxtlarda Azərbaycanın birbaşa dəstəyi və rəhbərliyi altında keçirilən beynəlxalq səviyyəli tədbirlər də bunun göstəriciləridir. ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfrans da bu baxımdan böyük əhəmiyyət kəsb etmişdir. Konfransda Prezident İlham Əliyevin çıxışı və müzakirələr bir sıra mühüm mesajlarla yadda qaldı. Tədbirin və mövzunun aktuallığından bəhs edən dövlətimizin başçısı aparılan müzakirələrin regionun inkişafı və Azərbaycanın planlarının, qarşılıqlı əlaqələrin daha yaxşı nəticələrə töhfə verəcəyini bildirdi.

 

Sevinc Ələkbərova

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tarix müəllimi 

Keçidlər