Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.

01 oktyabr 2026 | 14:58

1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Prokurorluğunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdən əvvəl Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan şəhər prokuroru Kamal Talıbov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının müavinləri və prokurorluq əməkdaşları şəhərin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, onun əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Şirvan Şəhər İcra Hakimiyyətinin iclas zalında davam edən tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov prokurorluq əməkdaşlarını peşə bayramı və Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.

Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik konsepsiyası və hüquqi dövlət quruculuğu kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkədə hüquq-mühafizə və prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi və müasir tələblərə uyğun fəaliyyət göstərməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Qeyd edib ki, prokurorluq orqanları qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, cinayətlərin hərtərəfli və obyektiv araşdırılmasında, eləcə də insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayır.

Tədbirdə çıxış edən Şirvan şəhər prokuroru Kamal Talıbov prokurorluq əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolundan və qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra çıxış edənlər – Şirvan Şəhər Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional Miqrasiya İdarəsinin rəisi Şəmsəddin Məmmədov, İcra Hakimiyyəti başçısının müavinləri Aynur Fərzəliyeva, Orxan İbrahimov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının müstəsna rolundan danışıblar.

Tədbirin sonunda Şirvan şəhər prokurorunun müavini Zaur Qasımov Azərbaycan prokurorluğunun yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Keçidlər