Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür.
Türk Dünyasının mədəni və mənəvi mərkəzi olan Qazaxıstan həm də Türk dünyası üçün mühüm siyasi mərkəz rolunu oynayır. Qazaxıstanın zəngin korbohidrogen ehtiyatları, əlverişli strateji mövqeyi, Avropanın Şərq ölkələri ilə tranzit rolunu oynaması onun siyasi əhəmiyyətini daha da artırır. Bu baxımdan ölkəmiz Türk Dünyasının əhəmiyyətli dövlətlərindən biri olan Qazaxıstanla qarşılıqlı ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Azərbaycan- Qazaxıstan münasibətləri tarixi köklərə bağlanır. Xalqlarımızın ortaq etnik və dini-mədəni yaxınlığı bu bağları daha da möhkəmləndirir. Azərbaycan üçün Qazaxıstan həm siyasi müttəfiq, həm də iqtisadi tərəfdaş kimi mühüm rol oynayır. Əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Qazaxıstan münasibətləri bu gün bütün siyasi müstəvilərdə özünün ən yüksək mərhələsinə çatmışdır. Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. Beynəlxalq arenada problemlərin həllinə dair bütün məsələlərdə də Qazaxıstan və Azərbaycan bir-birinin mövqeyini dəstəkləyir. Azərbaycan və Qazaxıstan Prezidentlərinin müntəzəm qarşılıqlı səfərləri, beynəlxalq arenadakı sıx təmasları bu əlaqələrin yüksələn xətlə inkişafından xəbər verir. 44 günlük Vətən Müharibəsində Qazaxıstanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək müharibədən sonra Qarabağın yenidən dirçəldilməsi prosesində də özünü göstərir. Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olmuş, ölkəmizin haqlı mübarizəsini dəstəkləmişdir. Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Azərbaycana ilk rəsmi səfəri çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələri ilə yanaşı Qazaxıstan Prezidentinin Qarabağın yenidən dirçəldilməsi və inkişafına hərtərəfli yardım göstərmək niyyətində olduğunu ifadə etməsi Azərbaycan-Qazaxıstan münasibətlərində yeni bir səhifənin açılmasından xəbər verir. Qazaxıstanın Azərbaycana hədiyyəsinin –işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Rəfiqə Rzayeva
Şirvan şəhər 1 nömrəli tam orta məktəbin direktoru