Şriftin ölçüsü :

Saytın rəngi :

Qlobal trendləri nəzərə almış Dövlət Proqramı

20 dekabr 2022 | 17:34

30 il ərzində Ermənistanın işğalı altında qalmış kəndlərimiz, rayonlarımız, şəhərlərimiz, mədəni-tarixi abidələrimiz vandalizmə məruz qalmış, yerlə-yeksan olunmuş, məhv edilmiş, dağıdılmışdır. Bu torpaqlardakı bütün tikililər məhv edilmiş, sərvətlərimiz mənimsənilmiş, meşələrimiz qırılıb, satılmışdır. Biz bütün bunlar haqqında dünyanı xəbərdar etdik. Lakin söylədiklərimizi eşidən çox az oldu. Özünü humanist adlandıran dövlətlər, beynəlxalq təşkilatlar tarixi ədalət qarşısında susmağı seçdilər. Dövlətimizin başçısının bütün yüksək kürsülərdən haqlı tərəfin Azərbaycan olmasını tutarlı dəlillərlə söyləməsinə baxmayaraq səsimizə səs verən, ədaləti görən olmadı. Belə olanda isə biz torpaqlarımızı müharibə yolu ilə azad etməyi seçdik. 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat törətməsi ilə başlanılan və 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdı və işğal olunmuş ərazilərimiz rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildi. Xalqımız tarixi Zəfər qazandı. Zəfərdən dərhal sonra 30 il ərzində doğma yurd-yuvasından zorla, məcburi şəkildə çıxarılan soydaşlarımızın qayıdışı üçün Qarabağda quruculuq işlərinə başlanıldı. 2020-ci ildən ötən iki il ərzində azad edilmiş torpaqlarda həyata keçirilən işlər 20 il ərzində görülən işlər dəyərindədir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” nda əks olunduğu kimi, otuz ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmiş, bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” hazırlanmışdır. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramı ilə tanış olduqca azad ərazilərimizin inkişafı üçün hərtərəfli, düşünülmüş və ardıcıl proseslər və insanların bu torpaqlara Böyük Qayıdışının yaxınlaşdığı göz önündə canlanır. Lakin düşünəndə ki, bu torpaqları düşmən xarabalığa çevirib, burada bütün işlər sıfırdan başlanır, düşmənin bu xalqa nə qədər zərər vurması bədnam qonşuya qarşı nifrəti birə min qat artırır. Çünki bu ərazilərin əvvəlki həddə qayıtması üçün böyük vəsait, zəhmət gərəkdir. Proqramın əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilməsi kimi əsas məqsədləri, bunların əsasında ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkil edilməsi, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatının həyata keçirilməsi, müasir standartlara uyğun xidmətlərin yaradılmasınının təmin edilməsi, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əhalinin məşğulluq imkanlarınının artırılması, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əlçatanlığının təmin edilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, sahibkarlıq mühitinin əlverişliliyinin artırılması və biznes fəaliyyətinin inkişafına dəstək verilməsi, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturunun formalaşdırılması, dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrinin tətbiq edilməsi, təbii ehtiyatların və sosial-iqtisadi potensialın təsərrüfat dövriyyəsinə cəlb edilməsi, turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olunması, ətraf mühitin etibarlı mühafizəsinin və ekoloji təhlükəsizliyinin təmin edilməsi, təbii resurslardan səmərəli və effektiv istifadə edilməsi, “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviq edilməsi kimi məqsədlər azad edilmiş ərazilərimizin tamamilə yenidən qurulması, yaşayışın mümkünküyü səviyyəsinə gətirilməsi deməkdir. Düşünəndə ki, biz Qarabağa Böyük Qayıdış edəcəyik, insanın qəlbi fərəh hissi ilə dolur. Bu fərəh hissi Birinci və İkinci Qarabağ müharibələrinin acılarını, ağrılarını adamın ürəyindən çıxarır. Düşünəndə ki, Qarabağ 30 il əvvəlkindən qat-qat müasir, gözoxşayan, abad olacaq, qürur duyur, fəxr edirsən. Çünki heç də hər xalqın tarixinə belə şanlı səhifələr yazılmır. Yazılmır ki, bu xalq torpaqlarını layiqincə geri aldığı kimi, layiqincə də həmin əraziləri yenidən yaradır, yenidən qurur. Bütün bunlar dövlətimizin yürütdüyü uğurlu siyasətin, dövlət-xalq birliyinin, Vətən sevgisinin nəticələridir.

 

Aidə Əsədova

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Tərbiyə işlər üzrə direktor müavini 

Keçidlər