Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.
Qubadlının azad edilməsi Ordumuzun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunur. Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin çoxlu sayda texnikasını məhv edən Ordumuz müxtəlif texnikalar ələ keçirməklə sonrakı döyüşlərdə onlardan işğalçı orduya qarşı istifadə etdi. Qubadlının azad edilməsi Ordumuzun hücum əməliyyatları zolağını kifayət qədər genişləndirməsi ilə nəticələndi. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı, Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu və Laçının cənub hissəsində yerləşən ərazilərimizi də azad etdik. Beləliklə də, Laçın dəhlizi bizim nəzarətimizə keçdi və bu, müharibənin taleyinin həll edilməsi demək idi. Çünki düşmən ehtiyatlarının Qarabağa daşınmasını və düşmən bölmələrinin Qarabağ daxilində manevr etmək imkanı tam məhdudlaşdırıldı. Laçın dəhlizinin bağlanması isə xüsusilə Şuşanın azad edilməsi üçün həyata keçirilən döyüş əməliyyatlarının taleyini əvvəlcədən həll etdi. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərərək ilk növbədə, şəhərə hakim olan yüksəklikləri, ətrafda yerləşən kəndləri, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndlərini və strateji yüksəklikləri ələ keçirdi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qubadlı rayonu 1993-cü il avqustun 31-də erməni hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdi. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdı. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində xalqımız Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir. Qubadlının işğaldan azad olunması, həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərdə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. Ötən il Qubadlının azad olunmasının bir ili münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad olunmuş ərazilərimizə səfər etdi. Ölkə Prezidenti rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə hazırda Qubadlıda görülən işlər və gələcək planlarla bağlı fikirlərini açıqladı. İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Qubadlının yenidən qurulacağı, tezliklə soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdacaqları bildirildi. İndi həmin ərazilərdə tikinti- abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.Qarabağ və Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Qubadlı da tezliklə bərpa olunacaq, öz yurdlarından köçkün düşmüş insanlar doğma evlərinə qayıdacaqlar.
Əliyev Cavid
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi