Qubadlıya həyat yenidən qayıdır
44 günlük şanlı Zəfər tariximizdən artıq iki ilə yaxın zaman ötür. “Dəmir yumruq” əməliyyatı ilə keçirilən İkinci Qarabağ savaşı Azərbaycan tarixinə şanlı səhifələr yazdı. Azərbaycan dövləti Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi. 2020-ci ilin sentybarın 27-də başlanan başlanan Zəfər tariximizin 29-cu günü Qubadlının azad olunması ilə nəticələndi. Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Zəngilan şəhərinin işğaldan azad edilməsi Qubadlının azad olunmasına aparan yolun başlanğıcı oldu. İşğalçı Ermənistan silahlı qruplaşmaları da bunu bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Həmçinin yüksəkliklər də düşmənin nəzarətində idi. Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Lakin bunların heç biri Azərbaycan Ordusunu geri çəkilməyə məcbur edə və ya dayandıra bilmədi. Qorxubilməz Azərbaycan Ordusunun gücü qarşısında düşmənin qaçmaqdan başqa çarəsi qalmamışdı. Qubadlı şəhərini işğalçı qüvvələrdən azad etmək çox qısa, cəmi bir neçə gün çəkmişdi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlkin olaraq şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən təmizlədi. 44 gün davam edən Vətən müharibəsinin 29-cu günü işğal altında olan Qubadlı şəhəri düşmən tapdağından azad olundu. Qarabağ müharibəsi şəhidlərinin, əsir götürülən insanların, uzun illərdir həsrət içində yaşayan məcburi köçkünlərin və bütövlükdə, qəhrəman Azərbaycan xalqının qisası alındı. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qubadlının işğaldan azad olunması, həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün elə xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salmışdılar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu müharibə cinayəti sayılır. İşğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə Cenevrə konvensiyalarına görə cinayət törətmiş olur. Bu cür cinayət əməllərinə görə də Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir. Şanlı qələbəmiz ilə başa çatan Vətən müharibəsindən sonra Prezident Cənab İlham Əliyevin müvafiq tapşırıqları əsasında işğaldan azad olunan rayonlarımızda quruculuq-bərpa işləri uğurla davam etdirilir və yeni yeni infrastruktur layihələri icra olunur. Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmaqda davam edir. Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz müasir dövrün tələbləri əsasında qurulur, soydaşlarımızın yüksək yaşayışının təmin edilməsi üçün zəruri olan bütün işlər görülür. "Ağıllı şəhər" və "ağıllı kənd" layihəsi əsasında qurulan torpaqlarımız dünyanın diqqətindədir. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Eyni zamanda Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Baş plana əsasən, şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Düşmən tapdağından azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Ən əsası isə əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək.
Gülay Qanbayzadə
Şirvan-Salyan Regional Təhsil İdarəsi, Şirvan sektoru aparıcı məsləhətçi