Şagirdimiz “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin ölkə mərhələsində iştirak edib.
Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçirilib. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə və hər iki mərhələsi kompüter əsaslı təşkil olunub. 2736 təhsilalanın iştirak etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin rayon (şəhər) mərhələsinin nəticələrinə görə Şirvan şəhərindən Kimya-biologiya təmayüllü liseyin 10-cu sinif şagirdi İsmayılov Ayxan Akif oğlu şəhər mərhələsində ən yüksək qiymətləndirilərək ölkə mərhələsində iştirak hüququ qazanıb. Ölkə mərhələsində inşaların müvafiq meyarlar əsasında qiymətləndirilməsi və qaliblərin seçilməsi Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi tərəfindən yaradılan mütəxəssislərdən ibarət müsabiqə komissiyasına həvalə olunub. Müsabiqənin ölkə mərhələsi 22 oktyabr 2022-ci il tarxdə Bakı şəhəri M.İbrahimov adına 153 nömrəli məktəbdə keçirilib. Məktəblilər alt mövzu əsasında 2 saat müddətində kompüterdə bilik və bacarıqlarını sınayıblar. Müsabiqənin ölkə mərhələsində müəyyən olunmuş limitə əsasən, Bakı şəhərindən 12 nəfər; Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri və Abşeron rayonunda hər birindən 2 nəfər; digər şəhər və rayonların hər birindən 1 nəfər; Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki, digər qurumlara tabe və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə 10 nəfər iştirak edib. Müsabiqənin nəticələri 10 gün müddətində bilinəcəkdir. Qaliblər tutduqları yerlərə görə müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif ediləcəkdir. Şagirdimizə ölkə mərhələsinin nəticələrində uğurlar arzu edirik!
Mətbuat xidməti