Sakinlərlə növbəti səyyar görüş Şirvan İqtisadiyyat və Humanitar Kollecində keçirilib.
25 yanvar 2023 | 18:34
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq, 25 yanvar 2023-cü il tarixdə Şirvan İqtisadiyyat və Humanitar Kollecində şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib.
Səyyar qəbul-görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Qəbuldan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri qarşısında çıxış edərək, pandemiya və Vətən müharibəsi ərəfəsində ölkə başçısının rəhbərliyi ilə həyata keçiriləni uğurlu dövlət siyasətindən, həm koronavirus infeksiyasına qarşı, həm də mənfur düşmənə qarşı mübarizə tədbirlərindən, 44 günlük Vətən müharibəsinin şərəfli məqamlarından, Şanlı Zəfərdən və torpaqlarımızın azad edilməsində misilsiz qəhrəmanlıq nümunələri göstərən Azərbaycan Ordudunun əsgər və zabitlərinin hünərlərindən söz açıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri hər birimizi qürurlandırdığı kimi, şəhidlərimizin də ruhlarını şad etdyini qeyd edib. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfalar diləyib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, döyüş əməliyyatlarında şücaət və qəhrəmanlıq nümayiş etdirən müharibə iştirakçılarının və şəhidlərimizin dövlət başçısı tərfindən təltif edildiyini, onların arasında şirvanlı gənclərin də olduğunu, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 9 Vətən müharibəsi şəhidinin ordenlə təltif edildiyini, onların adlarınının şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaşadıqları küçələrə verildiyini diqqətə çatdırıb. Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müharibədə yaralana əsgərlərimizin reabilitasiyası və tezliklə sağlamlıqlarına qovuşması üçün həyata keçirdiyi tədbirlərdən bəhs edib. Şirvan şəhərində də fəaliyyət göstərən Əlillərin Reabilitasiya Mərkəzinin və ümumilikdə bütün tibb müəssisələrinin bu sahədə həm müharibə ərəfəsində, həm də hazırda lazım olan xidməti və qayğını göstərdiklərini bildirib. Regionların inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sosial problemlərinin həlli istiqamətində qəbul edilən fərman və sərəncamlar barədə məlumat verib. Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə öyrənilməsi və birbaşa həlli məqsədilə bütün şəhər və rayonlarda icra hakimiyyəti başçıları tərəfindən vətəndaşlarla mütəmadi səyyar görüşlərin təşkil edildiyini, Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə əsasən, hər ay şəhərin müxtəlif ərazilərində sakinlərlə 4 səyyar görüşün keçirildiyini bildirib. Bu günki görüşün yanvar ayı ərzində sayca 3-cü olduğunu vurğulayıb.
Milli Məclisin deputatı İltizam Yusifov bugünədək sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılaraq həlli istiqamətində şəhər rəhbərliyi ilə birgə tədbirlərin görüldüyünü, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında, Milli Məclisin iclaslarında məsələlərin qaldırıldığını vətəndaşların nəzərinə çatdırıb. Millət vəkili seçiçiləri ilə müntəzəm görüşdüyünü, şəhər sakinlərinin problem və qayğılarına yaxından bələd olduğunu, onların müsbət həlli üçün çalışdığını qeyd edib.
Sonra qəbula gələn sakinlər dinlənilib. Vətəndaşların müraciətləri əsasən, işsizlik, ünvanlı sosial yardım, su çəkilməsinə köməklik göstərilməsi, torpaq sahəsinin sənədləşdirilməsi, evin təmiri, birdəfəlik maddi yardım, yataqxanada yaşayış yeri və sair olub. Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti