Sakinlərlə növbəti səyyar görüş Şirvan Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində keçirilib.
03 fevral 2023 | 16:13
Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə əsasən, şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş 3 fevral 2023-cü il tarixdə Şirvan Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyi səyyar görüşdən öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edənləri salamlayaraq, ölkəmizdə səhiyyənin inkişafından, tibb işçilərinə dövlət qayğısından, pandemiya ərəfəsində və 44 günlük Vətən müharibəsi zamanı onların fədakar əməyindən bəhs edib. Vətən müharibəsinin şəhidləri Ramil Əliyevin, Həsən Həsənovun, Zeynal Zülfüqarlının Şirvan Mərkəzi Xəstəxanasında çalışan analarını görüş iştirakçılarına təqdim edərək, ləyaqətli, vətənpərvər övladlar böyütdükləri üçün onlara təşəkkür edib və Allahdan səbir diləyib. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Vətən müharibəsi ərəfəsində və ondan sonra xəstəxana heyətinin yaralı əsgərlərimizin müalicəsində, reabilitasiyasında və yüksək səviyyədə qayğı ilə əhatə olunmasında əvəzsiz xidmət göstərdiklərini qeyd edib. Eyni zamanda koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində, yoluxmuş xəstələrin müalicəsində, əhali arasında mütəmadi maarifləndirmə və vaksinasiya prosesində peşə borclarını ləyaqətlə yerinə yetirdiklərinə görə onları alqışladığını bildirib. Dövlət başçısının birbaşa tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkəmizdə qısa müddətdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni, modul tipli səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsindən, yerlərdə icbari tibbi sığortanın tətbiqinin əhəmiyyətindən, tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Hətta dünyanın ən inkişaf etmiş ölkələrinin də çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycanın pandemiyadan müvəffəqiyyətlə çıxdığını vurğulayıb. Ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, regionların inkişafı üzrə dövlət proqramlarının uğurla icra edilməsindən, görülən işlərin fonunda dövlət başçısının Şirvan şəhərinə göstərdiyi xüsusi diqqət və qayğıdan, şəhər ərazisində aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb. Şirvan şəhərində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, 76 çoxmənzilli yaşayış binasından 73 binanın zirzəmisinin çirkab sulardan təmizləndiyini, küçə və prospektlərdə, məhəllələrdə yeni işıqlandırma sisteminin quraşdırıldığını, MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün 8,14 ha torpaq sahəsinin ayrıldığını diqqətə çatdırıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini qeyd edərək, şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanında həm Vətən müharibəsi şəhidlərinin, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları qara mərmərdən götürüldüyünü, ölkəmizdə ilk dəfə Şirvan şəhərində şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında Zəfər abidəsinin, Qarabağ və Zəfər xiyabanlarının yaradıldığını, şəhərin mərkəzində Şirvan şəhərindən olan I və II Qarabağ müharibəsi şəhidlərinin şəkillərinin, qısa tərcümeyi-halının, döyüş yolunun və təltiflərinin əks olunduğu müasir tipli elektron monitorun quraşdırıldığnı, Vətən müharibəsi şəhidlərinin yaşadıqları ünvanlarda xatirə lövhələrini yaradıldığını, ordenlə təltif edildmiş 9 Vətən müharibəsi şəhidinin adlarınının şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaşadıqları küçələrə verildiyini, onların doğum və anım günlərinin şəhər ictimaiyyəti ilə birlikdə yüksək səviyyədə qeyd edildiyini vurğulayıb.
Sonra Milli Məclisin deputatı İltizam Yusifov son illərdə qəbul edilən qanunlardan, vətəndaşların hüquqlarının təmin olunmasından, müraciətlərinin həllindən danışıb. Şəhər sakinləri və seçiçiləri ilə mütəmadi görüşdüyünü, onların qaldırdığı problemlərin bir qisminin həll olunduğunu, bir sıra problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında, Milli Məclisin iclaslarında məsələlərin qaldırıldığını görüş iştirakçılarının nəzərinə çatdırıb.
Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti