Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə növbəti səyyar görüş Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsində keçirilib.

26 yanvar 2023 | 17:23

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq, 26 yanvar 2023-cü il tarixdə Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbəsində şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib. Səyyar qəbul-görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Qəbuldan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri qarşısında çıxış edərək, artıq iki ildən çoxdur ki, torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşadığımızı bildirib və Şanlı Zəfərin qazanılmasında canından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfalar diləyib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini, əlamətdar günlərdə şəhər ictimaiyyətinin Xiyabana ziyarətlərinin təşkil olunduğunu diqqətə çatdırıb. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda ölkə Prezidentinin tapşırıq və birbaşa nəzarəti ilə aparılan abadlıq və quruculuq işlərinin, bərqərar olan canlanmanın və inkişafın hər bir vətəndaşımızda ruh yüksəkliyi yaratdığını qeyd edib. Müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi ilə “ağıllı kənd” layihələrinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Regionların inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sosial problemlərinin həlli istiqamətində qəbul edilən fərman və sərəncamlar barədə məlumat verib. Ölkə başçısının Şirvan şəhərinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, şəhər ərazisində genişmiqyaslı abadlıq-yenidənqurma işlərinin aparıldığını, 39 küçənin asfaltlandığını, 123 küçənin tam işıqlandırıldığını, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının ərazisinin 10,1 hektar genişləndirilərək yenidən qurulduğunu, “İDEA” İctimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində Şirvanda üçüncü həyətin abadlaşdırılmağa başlandığını vurğulayıb. Eyni zamanda Bayramlı qəsəbəsində yeni parkın salınaraq Novruz bayramına qədər sakinlərin istifadəsinə verilməsinin planlaşdırıldığını qeyd edib. Ötən müddət ərzində 76 beşmərtəbəli binadan 75 binanın zirzəmilərinin kanalizasiya sularından təmizləndiyini, şəhər ərazisində su-kanalizasiya şəbəkələrinin yenidən qurulması işlərinin aparıldığını diqqətə çatdırıb. Görülən işlərin Şirvan şəhər sakinlərinin sosial rifah halının və həyat şəraitinin yüksəlməsinə xidmət etdiyni vurğulayıb. Sonra qəbula gələn sakinlər dinlənilib. Vətəndaşların müraciətləri əsasən, küçələrin asfaltlanması, sərnişin daşıması üçün nəqliyyatın bərpası, Hacıqəhrəmanlı ərazisində park salınması,  işsizlik, torpaq sahəsinin sənədləşdirilməsi və sair olub. Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

 

 

Mətbuat xidməti

Keçidlər