Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə növbəti səyyar görüş Şirvan şəhər Peşə Liseyində keçirilib.

09 fevral 2023 | 16:24

Şirvan Şəhər İcra Hakimiyyətinin 2023-cü il üçün təsdiq edilmiş qrafikinə əsasən, şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş 9 fevral 2023-cü il tarixdə Şirvan şəhər Peşə Liseyində keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları səyyar görüşdən öncə Peşə Liseyinin tələbələrinin əl işlərindən ibarət sərgi ilə, torno-frezer dəzgahının operatoru, elektrik-qaz qaynaqçısı və dərzi ixtisas qruplarında tədris-istehsalat prosesi ilə tanış olublar. İstehsalat alətlərinin funksiyaları, əməyin mühafizəsi, müxtəlif ixtisaslar üzrə təhsilin keyfiyyəti, gələcəkdə oxuduqları peşələr üzrə məşğulluğun təminatı və digər məsələlərlə bağlı tələbələrlə söhbət ediblər. Sərgidə nümayiş olunan əl işlərindən biri tələblərin adından Şəhər İcra Hakimiyyətinin başçısına hədiyyə olunub. Peşə Liseyinin akt zalında keçirilən səyyar görüşdə müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin və son günlərdə Türkiyə Respublikasında təbii fəlakət nəticəsində vəfat edən insanların xatirələri bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatından və dağıntılardan kədərləndiyini bildirib, həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyib. Azərbaycan dövlətinin və xalqının bu ağır günlərdə qardaş Türkiyənin  yanında olmasından, faciənin fəsadlarının aradan qaldırılmasında və zərərçəkən insanlara yardım olunmasında yaxından iştirak etməsindən şərəf duyduğunu bildirib. Tezliklə Türkiyənin öz gücü və qüdrəti ilə bu bəladan qurtulacağına inandığını qeyd edib. Azərbaycan dövlətinin dünyanı bürüyən koronavirus infeksiyasına qarşı düşünülmüş addımlarla mübarizə apararaq, inkişaf etmiş ölkələrdən daha uğurlu nəticələrə nail olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində xalqımızın həmrəylik nümayiş etdiridiyini, 1000-ə yaxın Şirvan gənclərinin də böyük ruh yüksəkliyi ilə səfərbərliyə qoşulduğunu, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında sıx birləşdiyini, tarixi Zəfər qazanmaqla 30 il işğal altında olan torpaqlarımızın azad edildiyini, şəhidlərimizin böyük izdihamla son mənzilə yola salındığını xatırladıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini qeyd edərək, şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin həyata keçirildiyini, ordenlə təltif edildmiş 9 Vətən müharibəsi şəhidinin adlarının şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaşadıqları küçələrə verildiyini, onların doğum və anım günlərinin şəhər ictimaiyyəti ilə birlikdə yüksək səviyyədə qeyd edildiyini diqqətə çatdırıb. Şəhər ərazisində aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb. Şirvan şəhərində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün 8,14 ha torpaq sahəsinin ayrıldığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin sədri Leyla Xanım Əliyevanın “Bizim həyət” layihəsi əsasında Bakıdan sonra regionlardan ilk dəfə Şirvanda 3 məhəllənin abadlaşdırıldığını qeyd edib. Sonra Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək müasir dövrdə təhsilin insan həyatında rolundan, xüsusilə peşə təhsilinin əhəmiyyətindən danışıb. Lakin son illərdə ali təhsil alanların sayının 2 dəfə artdığı halda, peşə təhsili alanların sayının 5 dəfə azalmasından təəssüfləndiyini qeyd edib. Peşə təhsilinə diqqətin artırılması, geniş imkanların yaradılması, onların məşğulluğunun təminatı ilə bağlı xeyli işlər görüləcəyini bildirib. Türkiyədə zəlzələ nəticəsində baş verən hadisələrin bir daha harada işləməsindən asılı olmayaraq hər bir şəxsin öz işinə məsuliyyətlə və vicdanla yanaşmalı olduğunu göstərdiyni vurğulayıb. Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.

 

Mətbuat xidməti

Keçidlər