Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib.
Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2026-cı ilin avqust ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, avqustun 4-də şəhərin İsmət Qayıbov küçəsində (İsmət Qayıbov adına park) səyyar görüş keçirilib.
Səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri və tibb işçiləri iştirak ediblər.
Görüşdə öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhər ərazisində həyata keçirilən geniş abadlıq və quruculuq tədbirləri, su və kanalizasiya şəbəkəsinin yenidən qurulması, küçələrin müasir işıqlandırma sistemi ilə təmin edilməsi, asfalt-beton örtüyünün çəkilməsi işlərinin davam etdirilməsi, MİDA “Yeni Şirvan” yaşayış kompleksi, icra olunan digər infrastruktur layihələri, Kür çayının sahilində yerləşən İsmət Qayıbov adına parkda aparılmış yenidənqurma və əsaslı təmir işləri, eləcə də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulan tədbirlər və bu istiqamətdə qarşıda duran hədəflərlə bağlı görüş iştirakçılarına geniş məlumat verib.
Daha sonra müraciətlər dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını bildirərək, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Səyyar görüşdən sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərin İsmət Qayıbov və Gülbala Şıxbalaoğlu küçələrində aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin gedişinə baxış keçirib, həmçinin Kür çayının sahilində inşa olunan “Şirvan bulvarı”nın tikintisi üzrə görülən işlərlə tanış olaraq müvafiq tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.






