Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun “Bilik Günü” münasibətilə təbriki

15 sentyabr 2025 | 08:00

Hörmətli müəllimlər və şagirdlər!

Yeni tədris ilinin başlanması münasibətilə şəhər təhsil ictimaiyyətini, müəllim, şagird və tələbə adını qazanan məzunları xüsusilə ilk dərs gününün həyəcanını yaşayan birinciləri və valideynlərini təbrik edir, yeni dərs ilində müvəffəqiyyətlər arzu edirəm!

Bu il Şirvan şəhər ümumtəhsil müəssisələrini 825 məzun bitirib, 492 nəfər ali təhsil müəssisələrinə sənəd verib. Onlardan 333 nəfər müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıb. Sevindirici haldır ki, 50 nəfər 500-600 arası, 30 nəfər 600-dən yuxarı bal toplayıb.

Təhsildə qazanılan uğurlar bununla bitmir. Respublika Fənn Olimpiadasında, Respublika Fənn Müsabiqəsində 4 nəfər müvəffəqiyyətlə iştirak edərək medallar qazanıblar.

Ümumtəhsil məktəblərinin 5-7-ci sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasında 2 şagird, Kenquru Beynəlxalq Riyaziyyat olimpiadasında 1 şagird  fərqlənmişdir.

“Sabahın alimləri” adlı Respublika müsabiqəsində Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası 3-cü yerə layiq görülmüşdür.

Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə təhsilin prioritet sahə kimi inkişafına göstərilən dövlət qayğısı uğurla davam etdirilir, təhsil strategiyası müvəffəqiyyətlə həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, hər il yeni-yeni məktəblərin tikilməsi, təhsilin maddi texniki bazasının, infrastrukturunun yenilənməsi, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılması təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Hörmətli müəllimlər, əziz məktəblilər!

Təhsilə göstərilən diqqətin və ümumtəhsil müəssisələrində vətənpərvərlik təbliğatının düzgün aparılmasının nəticəsidir ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Bu gün Azərbaycan Respublikası Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə  yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq, Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.

Vətəndaşlıq şüurunun artırılması, tarixi və hüquqi biliklərin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, sosial həmrəyliyin gücləndirilməsi baxımından şəhərdə fəaliyyət göstərən təhsil müəssisələrində ilk dərs gününün “Konstitusiya və Suverenlik İli”nə həsr edilməsi, xüsusi dərslərin və mühazirələrin təşkili böyük əhəmiyyət daşıyır.

Əziz müəllimlər, şagirdlər və valideynlər yeni tədris ili münasibətilə bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, yeni dərs ilində müvəffəqiyyətlər arzu edirəm!

Yeni tədris iliniz mübarək olsun!

 

           

                  Şirvan Şəhər İcra

                  Hakimiyyətinin başçısı                                                             İlqar Abbasov

Keçidlər