Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun “Bilik Günü” münasibətilə təbriki
15 sentyabr 2024 | 11:02
Şirvan şəhəri 15.09.2024-cü il
Hörmətli müəllimlər və şagirdlər!
Yeni tədris ilinin başlanması münasibətilə şəhər təhsil ictimaiyyətini, müəllim, şagird, tələbələri, xüsusilə ilk dərs gününün həyəcanını yaşayan birinciləri və valideynlərini təbrik edir, yeni dərs ilində müvəffəqiyyətlər arzu edirəm.
Bu il Şirvan şəhər ümumtəhsil müəssisələrini 729 məzun bitirib, 524 nəfər ali təhsil müəssisələrinə sənəd verib. Onlardan 346 nəfər müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanıb. Sevindirici haldır ki, 45 nəfər 500-600 arası, 15 nəfər 600-dən yuxarı bal toplayıb.
Təhsildə qazanılan uğurlar bununla bitmir. Respublika Fənn Olimpiadasında, Respublika Fənn Müsabiqəsində 9 nəfər müvəffəqiyyətlə iştirak edərək medallar qazanıblar.
Ümumtəhsil məktəblərinin 5-7-ci sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadasında 2 şagird, Kenquru Beynəlxalq Riyaziyyat olimpiadasında 1 şagird fərqlənmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində şəhər 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Xədicə Eyubova III dərəcəli Diplomla təltif olunub.
Bu il Şirvan şəhər ümumtəhsil məktəblərinin I siniflərdə 1029 şagirdin təhsil alması gözlənilir.
Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə təhsilin prioritet sahə kimi inkişafına göstərilən dövlət qayğısı uğurla davam etdirilir, təhsil strategiyası müvəffəqiyyətlə həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, hər il yeni-yeni məktəblərin tikilməsi, təhsilin maddi texniki bazasının, infrastrukturunun yenilənməsi, təhsil işçilərinin müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılması təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin elm və təhsil sahəsində davamlı inkişafın təmin olunmasını nəzərdə tutan konsepsiyasının uğurla həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi rol oynayır. Fondun təşəbbüsü ilə ölkəmizdə “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və İnternat məktəblərinin inkişaf” Proqramları, “Təhsilə dəstək” layihəsi kimi bir çox önəmli proqramlar və layihələr reallaşdırılmışdır. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir.
Hörmətli müəllimlər, əziz məktəblilər!
Təhsilə göstərilən diqqətin və ümumtəhsil müəssisələrində vətənpərvərlik təbliğatının düzgün aparılmasının nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində əzəli-əbədi torpaqlarımız düşmən işğalından azad oldu, xalqımız Şanlı Zəfər çaldı.
Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi və ötən dörd ildə işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri bunun əyani təzahürüdür. Məhz təbii ehtiyatların insan kapitalının formalaşmasına yönəldilməsi amilini vaxtında dəyərləndirən Prezident cənab İlham Əliyev ötən illər ərzində Azərbaycanda təhsilin inkişafı üçün bir neçə qlobal əhəmiyyətli proqram-layihələrə imza atıb. Bu istiqamətdə Qarabağ və Şərqi Zəngəzurda təhsil sahəsində həyata keçirilən layihələri xüsusilə qeyd etməliyik. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevinin müvafiq Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması mühüm tarixi əhəmiyyətə malikdir.
Əziz müəllimlər, şagirdlər və valideynlər yeni tədris ili münasibətilə bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, yeni dərs ilində müvəffəqiyyətlər arzu edirəm!
Yeni tədris iliniz mübarək olsun!
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov