Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə növbəti səyyar görüş keçirib.
16 may 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan Şəhər Mədəniyyət Mərkəzində sakinlərlə növbəti səyyar görüş keçirib. Görüşdə Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən İlqar Abbasov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu diqqətə çatdırıb. Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdən danışaraq, keçirilən hər bir tədbirin Ulu öndərin siyasi fəaliyyətinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb. Şəhər ərazisində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, şəhərin 147 ünvanında, o cümlədən 118 küçədə, 9 park və xiyabanda, 10 məhəllədə, 5 meydan və dairədə işıqlandırma işlərinin başa çatdığını diqqətə çatdırıb. “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev meydanındakı fəvvarənin və Heydər Əliyev parkında fəvvarə və şəlalənin əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verildiyini bildirib. Səyyar görüşdə sakinlərin müraciətlərinə və onları narahat edən müxtəlif məsələlərə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilərək həlli nəzarətə götürülüb. Sakinlər ölkəmizdə, o cümlədən şəhər ərazisində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.