Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı
27 iyun 2024-cü il tarixində, səhər saat 05:00 radələrində şəhərin Vidadi küçəsi ilə Nizami küçəsini birləşdirən piyada körpüsü qəzalı vəziyyətə düşərək, uçmuşdur. Hadisə ilə əlaqədar şəhər İcra Hakimiyyətinin başçısı və şəhər Fövqəladə Hallar üzrə Komissiyanın üzvlərinin iştirakı ilə əraziyə baxış keçirilmiş və piyada körpüsünün istifadəyə yararsız olduğu müəyyən edilərək, körpünün hər iki tərəfdən girişi xüsusi nişanlama ilə bağlanmışdır.
Bildiririk ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilmişdir. Həmçinin sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şirvan regional şöbəsinin və “Şirvan Nəqliyyat” ASC-nin rəhbərliyi ilə görüş keçirilmiş, qeyd edilən əraziyə 2 ədəd mikroavtobus ayrılmışdır.
Qeyd olunan ərazi üzrə yaşayan sakinlərdən xoşagəlməz halların, hadisələrin baş verməməsi üçün müvəqqəti olaraq alternativ yoldan və ayrılmış avtobusların xidmətindən istifadə etmələri xahiş olunur.