“Şəhid ailələri və qazilər, onlarla görülən işlər və qarşıda duran vəzifələr” barədə Şirvan Şəhər İcra Hakimiyyətində silsilə tədbirlər keçirilib.
17 sentyabr 2022-ci il tarixdə Şəhər İcra Hakimiyyəti başçısı aparatının işçilərinin, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən işgüzar müşavirədə Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, 44 günlük Vətən müharibəsində və 12-13 sentyabr 2022-ci il tarixlərdə erməni revanşistlərinin Azərbaycan-Ermənistan sərhəddində törətdikləri geniş miqyaslı təxribat xarakterli əməliyyatların qarşısının alınması zamanı şücaət və qəhrəmanlıq nümunələri göstərərək həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralılara Allahdan şəfa dilənib. Müşavirədə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə vaxtaşırı görüşdüklərini, onlara həssaslıqla yanaşdıqlarını, problemlərinin dövlət səviyyəsində həll edilməsi istiqamətində zəruri tədbirlər gördüklərini qeyd edib. Bu qayğının yerlərdə də, o cümlədən Şirvan şəhərində də davam etdiyini bildirib. Şəhidlərin doğum və anım günlərində məzarlarının ziyarət olunduğunu, hər ayın sonuncu cümə axşamında Xiyabanda şəhid ailələri ilə görüşlər keçirildiyini, onlara mütəmadi olaraq maddi-mənəvi dəstək göstərildiyini, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü vurğulayıb. Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin aparıldığını, “Şəhid Anası” memorial abidə kompleksinin yaradıldığını, yenidən qurulan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında “Zəfər” abidəsinin ucaldığını, “Qarabağ” və “Zəfər” xiyabanlarının salındığını, şəhərin mərkəzi meydanında Birinci və İkinci Qarabağ müharibəsində Şirvan şəhərindən şəhid olanların fotoşəkilləri, barələrində məlumat yerləşdirilən və daim dövr edən müasir monitorun quraşdırıldığını, hər bir şəhid ailəsinə və qazilərə, onların problemlərinin həllinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 40 nəfər şəhid ailəsi və Vətən müharibəsi əlilinin mənzil növbəliyinə götürüldüyünü, şəhidlərin xatirə lövhələri, barelyefləri və bulaqlarının su və işıq xətti ilə, skamyalarla təmin edildiyini, ətraflarının abadlaşdırıldığını, yaşıllıqların salındığını bildirib. Heydər Əliyev Fondu və Yaşat Fondu tərəfindən Şirvan şəhərində də şəhid ailələrinə və müharibə iştirakçılarına bayram sovqatlarının verildiyini qeyd edib. 19 sentyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhəddində törətdilən genişmiqyaslı təxribatın qarşısını alarkən yaralanan, Şirvan sakini olan hərbiçinin valideynləri ilə görüşüb, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunan yaralıya baş çəkib, səhhəti ilə maraqlanıb. Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri Gəncə Hospitalında müalicə alan digər yaralını da ziyarət edib. 20 sentyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhər İcra Hakimiyyətinin akt zalında Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirib. İlqar Abbasov tədbir iştirakçılarını və şəhid ailələrini salamlayıb, belə vətənpərvər, qəhrəman övladlar yetişdirdikləri üçün şəhid valideynlərinə təşəkkürünü və minnətdarlığını bildirib. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfa diləyib. Birinci Qarabağ müharibəsində, Vətən müharibəsində və sonuncu dəfə 12-13 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması istiqamətində rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaətdən bəhs edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Dövlət başçısının dəstəyi ilə Şəhidlər Xiyabanında genişmiqyaslı abadlıq-bərpa işlərinin aparıldığını, hazırda qəbirüstü abidələrin yenidənqurulduğunu, yaxın zamanlarda başa çatdırılacağını qeyd edib. Sonra şəhid ailələrini narahat edən məsələlərlə bağla müraciətləri dinlənilib. Səsləndirilən müraciət və təkliflər qeydə alınıb, bir çoxunun qısa müddətdə həll olunması ilə bağlı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib. Şəhid ailələri onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti