Şəhid Asif Qəribovun xatirəsi ehtiramla yad edilib.
Sentyabrın 30-da Şirvan şəhərindən olan Vətən müharibəsi şəhidi Asif Səxavət oğlu Qəribovun anım günü münasibətilə xatirəsi anılıb.
Anım tədbirində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində əvvəlcə şəhid Asif Qəribovun və digər şəhidlərin məzarları ziyarət edilib, onların xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailə üzvlərinə və doğmalarına dərin hüznlə başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, Vətən müharibəsində şəhidlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqdan söz açıb, tarixi Zəfərin əldə olunmasında canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin daim yaşayacağını vurğulayıb.
Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları əsasında şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs edən İlqar Abbasov Şirvan şəhərində də şəhid ailələrinin və müharibə iştirakçılarının müraciət və problemlərinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər şəhid Asif Qəribovun keçdiyi şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıqdan söz açaraq, onun və bütün şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu vurğulayıblar. Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlığın xalqımızın tarixi Zəfərinin əldə olunmasında mühüm rol oynadığı qeyd edilib.






