Şəhid baş leytenant Ruslan Rustamovun xatirəsi anılıb.
Oktyabrın 2-də Vətən müharibəsi şəhidi baş leytenant Rustamov Ruslan Nüsrət oğlunun anım günü ilə əlaqədar Hacıqabul rayonunun Şorbaçı kəndində məzarı ziyarət olunub, şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Elvin Balayev, Şirvan Şəhər İcra Hakimiyyəti və Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, idarə və müəssisələrin nümayəndələri, eləcə də Şorbaçı kənd sakinləri iştirak ediblər.
Şəhidin məzarı önündə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Elvin Balayev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən və şəhidlərimizin döyüşlər zamanı nümayiş etdirdiyi qəhrəmanlıqdan söz açıb.
Qeyd olunub ki, torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən igidlərimizin, şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi dövlətimiz və xalqımız tərəfindən bundan sonra da daim uca tutulacaq.
Qeyd edək ki, şəhid baş leytenant Rustamov Ruslan Nüsrət oğlu 23 oktyabr 1981-ci ildə Şamaxı rayonunun Şorbaçı kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub. Murovdağ yüksəkliyi, Suqovuşan və Talış kəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan şəhid Ruslan Rustamov Hacıqabul rayonu, Şorbaçı kənd qəbiristanlığında dəfn olunub.
Nümumunəvi hərbi xidmətlərinə, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrinə görə şəhid baş leytenant Rustamov Ruslan Nüsrət oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.






