Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elçin Azadovun xatirə barelyefində əsaslı təmir-bərpa işləri aparılıb

11 avqust 2026 | 17:14

Şirvan Şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov və şəhər icra hakimiyyətinin digər nümayəndələri şəhid Azadov Elçin Qardaşəli oğlunun xatirə barelyefini ziyarət edib, Şirvan Bələdiyyəsi tərəfindən əsaslı şəkildə aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Şəhid leytenant Elçin Azadov 1972-ci il iyulun 31-də Şirvan şəhərində anadan olub. Uşaqlıq illərini doğma şəhərində keçirən Elçin ilk təhsilini Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə alıb. Qəlbindəki Vətən sevgisi və hərb sənətinə olan sonsuz həvəs onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirib çıxarıb. Burada hərbi biliklərin ilk təməlini qoyduqdan sonra Ukraynada Kiyev Ali Hərbi Məktəbinə qəbul olub. Bu məktəbin üçüncü kursunda oxuyarkən öz ərizəsi ilə təhsilini Bakı Ali Hərbi Komandirlər Məktəbində davam etdirib. Dördüncü kursda isə işğal altında olan müqəddəs torpaqlarımızı azad etmək üçün ön cəbhəyə, vətən uğrunda gedən döyüşlərə yollanıb.

Ağdam rayonu uğrunda gedən şiddətli döyüşlərdə misilsiz fədakarlıq nümunələri göstərən gənc leytenant 1993-cü il yanvarın 26-da Ağdərə rayonunun Fərrux dağı yüksəkliklərində aparılan ağır döyüş əməliyyatlarında son nəfəsinədək vuruşaraq şəhidlik zirvəsinə ucalıb.

Elçin Azadov 1993-cü il fevral ayının 5-də doğma Şirvan şəhərində, Şəhidlər xiyabanında dəfn edilib.

Onun qısa ömrü Vətənə sədaqətin, hərbi anda bağlılığın və əsl qəhrəmanlığın parlaq nümunəsinə çevrilməklə yanaşı adı bu gün də xalqımızın qəlbində əbədi yaşayır.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

Keçidlər