Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elçin Əliyevin anım günü qeyd edilib.

16 noyabr 2024 | 12:16

Noyabrın 16-da ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əliyev Elçin Əliqardaş oğlunun anım günü münasibətilə xatirəsi anılıb.

Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları şəhid Elçin Əliyevin və digər şəhidlərin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına başsağlığı verərək səbir diləyib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb. 44 günlük Vətən müharibəsində güclü Xalq, güclü Dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edib. Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

Digər çıxış edənlər tarixi Zəfərimizdən, haqq savaşımızda əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs edərək, şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıblar.

Qeyd edilib ki, şəhid Elçin Əliyev 11 dekabr 2002-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. 16 noyabr 2021-ci ildə hərbi xidməti zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb, Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə şəhid Elçin Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər