Şəhid Elçin Əliyevin anım günü qeyd edilib.
16 noyabr 2023-cü il tarixində ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Elçin Əliyevin anım günü münasibətilə xatirəsi anılıb.
Anım mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin, şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları şəhid Elçin Əliyevin və digər şəhidlərin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.
Sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin doğmalarına dərin hüznlə başsağlığı verərək səbir diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb. 44 günlük Vətən müharibəsində güclü Xalq, güclü Dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edib. Qalib Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıqları ilə şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, Şirvan şəhərində də hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov və digərləri tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, eyni zamanda şəhid ailələri və qazilərə dövlət qayğısından söz açıblar.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!