Şəhid polkovnik-leytenant Rəşad Hüseynovun xatirəsi anılıb.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu, polkovnik-leytenant Hüseynov Rəşad Rəhim oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olunub.
Sentyabrın 22-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Daxili Qoşunların Şirvan şəhərindəki hərbi hissəsinin komandiri Rəşadət Süleymanov, Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, daxili işlər orqanlarının əməkdaşları, din xadimləri və şəhər ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanında şəhid Rəşad Hüseynovun məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Rəşad Hüseynovun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıb. Şəhid Rəşad Hüseynovun ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda göstərdiyi şücaətdən söz açan İlqar Abbasov bildirib ki, Azərbaycan xalqı Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini daim ehtiramla yad edir, onların qəhrəmanlığı gələcək nəsillərə örnək kimi çatdırılır.
İlqar Abbasov qeyd edib ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub. O, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndiyini diqqətə çatdırıb.
Sonra çıxış edənlər şəhid Rəşad Hüseynovun qəhrəmanlığından söz açaraq, onun əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini bildiriblər.
Şəhidin atası Rəhim Hüseynov göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Hüseynov Rəşad Rəhim oğlu 10 mart 1980-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 21 saylı tam orta məktəbdə təhsil alıb. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. Daxili Qoşunlarda xidmət edib.
19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Rəşad Hüseynov 22 sentyabr 2023-cü ildə Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Hərbi xidməti zamanı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)”, 1-ci dərəcəli “Qüsursuz xidmətə görə”, 2-ci dərəcəli “Qüsursuz xidmətə görə”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunan Rəşad Hüseynov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Rəşidə və Xədicə adlı iki qız övladı var.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!






