“Shirvan Open 2026” beynəlxalq şahmat festivalına start verilib.
Oktyabrın 20-də Şirvan Olimpiya İdman Kompleksində “Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.
“Azərbaycan Şahmat Turu”nun təqviminə uyğun olaraq təşkil edilən festivalda 6 ölkəni təmsil edən 160 şahmatçı iştirak edir.
Açılış mərasimindən əvvəl Şirvan şəhərinin mərkəzi meydanında ucalan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət olunub. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Festivalın açılış mərasimində iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov və festivalın direktoru Radin Tağıyev qonaqları və yarış iştirakçılarını salamlayıb, şahmatçılara uğurlar arzulayıblar.
Çıxışlarda bu cür beynəlxalq yarışların şahmatın inkişafı, xüsusilə regionda şahmatın daha geniş təbliği, eləcə də müxtəlif ölkələrdən olan şahmatçılar arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Daha sonra yarışın baş hakimi Şaiq Quliyev turnirin reqlamenti barədə məlumat verib və birinci tura start verilib.
Oktyabrın 26-dək davam edəcək turnirdə gərgin və maraqlı mübarizədən sonra qaliblər müəyyənləşəcək və bağlanış mərasimində mükafatlandırılacaqlar.






