Şriftin ölçüsü :

Saytın rəngi :

Şiravanım mənim, 60 illik yubileyin mübarək olsun!

14 dekabr 2023 | 10:46

Şirvan öz yubileyini tarixi günlərdə qeyd edir.

Şirvan öz yubileyini sərkərdəlik məharəti, hərb elminin incəliklərinə sahib olmağı, orduya bacarıqla rəhbərlik etməyi ilə dünya hərb və diplomatiya cəbhəsinə dərs verən möhtərəm Prezidentimz, müzəffər Ali Baş komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında tariximizin ən şərəfli dövrünü yaşadığımız XXI əsrdə qeyd edir.

Şirvan öz yubileyini müasir, müstəqil Azərbaycanın həyatının ən möhtəşəm anlarını, uğurlarını, tarixi qələbələrini yaşadığı bir zamanda qeyd edir.

Şirvan öz yubileyini tarixi ədalətin bərpa olunduğu, ölkəmizin iqtisadi, sosial və mənəvi həyatının bütün sahələrində möhtəşəm nailiyyətlər əldə etdiyi, Müstəqil Azərbaycan Respublikasının hörmətli, güclü, nüfuzlu dövlətə çevrildiyi vaxtda qeyd edir.

Bütün bunlar qələmə almaq, yazmaq vətənini sevən hər bir soydaşımız kimi mənə də qürur verir, fərəhləndirir.

Şirvan Müstəqil Azərbaycan Respublikaının digər şəhərləri kimi davamlı inkişaf edir, böyüyür, abadlaşır, gözəlləşir.

Mən Şirvanı 1968-ci ildən tanıyıram. Həmən il ailəmiz Sabirabadın Həşimxanlı kəndindən Şirvan şəhərinə köçdü. Bizim yeni evimiz Ağamirzə Əhəmədov küçəsində yeni inşa edilmiş beş mərtəbəli binanın ikinci mərtəbəsində idi. Mənim 8 yaşım vardı. Kənddən şəhərə düşmüşdüm. Gördüklərim hər şey maraqlı idi. Bizim binanın sağında, solunda, qarşısında yeni-yeni binalar tikilirdi. Əsl tikinti meydançası idi. Traktorlar, kranlar, ekskavatorlar durmadan işləyirdi. Sanki nağıllar aləminə düşmüşdüm. İlk dəfə kran görürdüm. Onun tikinti materiallarını necə qaldırmağına, işləməyinə həyəcanla, maraqla baxmaqdan döymurdum.

Bəli, Şirvan şəhəri böyüyürdü, təzə şəhər salınırdı.

Mən təhsilimi 10 nömrəli məktəbin 3-cü sinfində davam etdirməyə başladım. Yeni dostlarım, yeni müəllimlərim oldu. Müəllimlərimdən Solmaz müəlliməni, Xavər müəlliməni, Eyyub müəllimi, Adilə müəlliməni, Abbas müəllimi, Cabbar müəllimi, Hafis müəllimi, dostlarımda Aydın Rəhimovu, Abdul Bağırovu, Rafiq Səmədovu tez-tez xatırlayıram.

O vaxt bizim evin yaxınlığında, yolun o biri tərəfində yeni, böyük bir park salınmışdı. “Elxan bulağı” restoranının yanından “Vasmoy”a qədər bir ərazini əhatə edirdi. Çox maraqlı park idi. Parkın içindən su kanalları çəkilmişdi. Bir neçə yerdən kanalların üstündən körpülər salınmışdı. Kanallarda çoxlu balıq var idi. Çörək atan kimi balıqlar çörəyi yeməyə çalışırdı. Bunu seyr etmək çox maraqlı idi. Parkda çimmək üçün böyük hövuz, balıq tutmaq üçün göl də var idi. Ona görə də dərslərə hazırlaşandan sonra boş vaxt tapan kimi parka qaçırdıq, vaxtlarımızı parkda keçirməyi çox sevirdik.

Orta məktəbi bitirdikdən sonra Bakıda təhsilimi davam etdirdim və uzun illər Bakıda yaşayıb işlədim. Təbii ki, valideynlərim,  bacılarım, qohum-əqrəbam Şirvanda yaşadığı üçün tez-tez Şirvana gedib gəlirdim.

İllər keçirdi. Amma hər dəfə Şirvana gələndə yol parkı yanından keçdiyi üçün mənim uşaqlıq parkımın necə baxımsız qaldığını görür və üzülürdüm. Öz-özümə düşünürdüm. Görəsən bu park niyə belə baxımsız qalıb. Göldəki, kanallardakı su qurumuş, yerində qamışlar bitmişdi, hər tərəfi kol-kosbasmışdı. Uşaqlıq xatirələrim yadıma düşürdü və dərindən köksümü ötürürdüm.

Amma çox şükürlər olsun ki, bu üzüntümə sonu qoyuldu.

Şirvana növbəti səfərlərimin birində maşınla parkın yanından keçəndə gözlərimə inanmadım. Parkda abadlıq işlərinə başlanılmışdı.

Öyrəndim ki, 2019-cu ilin noyabrında cənab Prezidentin sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilən İlqar Abbasov sakinlərlə ilk görüş keçirərkən sakinlər baxımsız qaldığından yararsız vəziyyətdə olan parkın abadlaşdırılmasını xahiş etmişlər. İlqar Abbasov da sakinlərlə görüşdən sonra həmən gün  parkın ərazisinə baxış keçirmiş, parkın vəziyyəti ilə tanış olmuş, parkın yenidən qurulması və abadlaşdırılması üçün layihə hazırlanmasına başlanılmışdır.

Bildiyimiz kimi,  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə dövlət səviyyəsində çoxlu sayda layihələr həyata keçirilir.

Belə layihələrin davamı olaraq  Şirvan şəhərində Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının yenidən qurulması və abadlaşması prosesi sürətlə davam etdirildi, parkın ərazisinin genişləndirilməsi və müasir üslubda dizayn edilməsi tezliklə onu ölkəmizin ən füsunkar parklarından birinə çevirdi. Parkda “Qarabağ xiyabanı” salındı, ölkəmizdə ilk dəfə olaraq bu  parkda “Zəfər abidəsi” ucaldıldı. Parkın girişində Məhəmməd Füzulinin büstü qoyuldu, çoxlu sayda ağac əkildi, gənclərin idmanla məşğul olması üçün müasir qurğularla təchiz edilmiş guşə yaradıldı, uşaqların əylənməsi üçün atraksionlar quraşdırıldı.

Qürurla vurğulamaq istəyirəm ki, bu gün Məhəmməd Füzuli adına  Mədəniyyət və İstirahət Parkı şirvanlıların və şəhərimizin qonaqlarının istirahət mərkəzinə çevrimişdir.

Mənim qismətimdə isə əmək fəaliyyətimi Şirvan şəhərində davam etdirmək var imiş. 45 ildən sonra Şirvana qayıtdım. 2020-ci ilin sentiyabrında Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru vəzifəsinə təyin edildim və Şirvanda yaşamağa başladım.

2020-ci ildən bəri Şirvanın inkişafı, abadlaşdırılması mənim gözümün qarşısında aparılır. Abad məhəllələr salınır, küçələr işıqlandırılır. İndi demək olar ki, Şirvanda işıqlandırılmayan küçə qalmayıb. Şəhərin küçələri axşamlar çılçıraqban olub göz oxşayır.

Şirvan şəhərində həyata keçirilən infrastruktur layihələr, abadlıq-quruculuq işləri, küçələrin mərhələli şəkildə asfaltlanması, 2024-2028-ci illər üçün  “Yeniləşən Şirvan” sosial iqtisadi inkişaf proqramı, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən “Yeni Şirvan” yaşayış kompleksi Şirvan şəhərinin davamlı inkişafından xəbər verir.

Şiravanım mənim, 60 illik yubileyin mübarək olsun!

Sən inkişaf edirsən, müasirləşirsən, böyüyürsən, gözəlləşirsən.

Əziz şirvanlılar, əziz həmyerlilərim Sizi yubiey münasibəti ilə ürəkdən təbrik edirəm.

 

 

Barxudar Barxudarov

filologiya üzrə fəlsəfə doktoru

Keçidlər