Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan 2024-2025: “Abad şəhər naminə”

28 fevral 2025 | 17:17

Fevralın 28-də Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın “Şirvan şəhərinin 2024-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr”in müzakirəsinə həsr olunmuş yığıncağı keçirilib.

Yığıncaq iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edib, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən yığıncaqda şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları, qeyri-hökumət təşkilatları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Toplantıda əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov geniş məruzə ilə çıxış edərək, bildirib ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasət kursu bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlətimizin beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənir, siyasi-iqtisadi və mədəni əlaqələri genişlənir. Azərbaycan nüfuzlu dövlətlər arasında diplomatik münasibətlərdə əsas söz sahibinə çevrilir.

Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də 2024-cü ildə ictimai-siyasi sabitlik daha da möhkəmlənmişdir. Görülən işlər şirvanlılarda dövlətimizə və dövlət başçısı cənab İlham Əliyevə olan inamı daha da gücləndirmişdir.

Belə ki, 2024-cü ildə ümumi məhsul buraxılışı 696 milyon 830 min manat olmuş, sənaye sahələrində məhsul istehsalı 481 milyon 12  min manat təşkil etmişdir.

2024-cü il ərzində şəhərdə 217.8 min ton əmtəəlik neft, 5.0 milyon m3 əmtəəlik qaz və 5 milyard 684,4 milyon kvt-saat elektrik enerjisi istehsal edilmişdir.

Əsas kapitala 128 milyon 17,0 min manat vəsait yönəldilmişdir ki, onun da 123 milyon 443,0 min manatı və ya 96,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat müəssisələri tərəfindən 409,0 min ton yük, 31 milyon 50 min nəfər sərnişin daşınmışdır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə vermişdir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpa edilməsinə köməklik etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə 60 ağacəkmə aksiyası, 36 iməcilik təşkil olunaraq müxtəlif növ 12311 ədəd ağac və 39105 ədəd gül və gül kolları əkilmiş, 28,000 m2 qazon salınmış, abadlıq işləri görülmüş və 47 maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir iştirakçılarına COP29 haqqında ətraflı məlumat verilmişdir.          

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Şirvan şəhəri ərazisində həyata keçirilən genişmiqyaslı tikinti, abadlıq-quruculuq işləri çərçivəsində “MİDA” “Yeni Şirvan” yaşayış kompleksinin tikintisi, su-kanalizasiya sisteminin yenidən qurulması, daxili avtomobil yollarının çəkilişi, küçələrin işıqlandırılması işləri davam etdirilmiş, abadlıq-quruculuq işləri aparılmış, “İDEA” İB-nin “Bizim həyət” layihəsi çərçivəsində yeni “Abad məhəllə”lər və yaşıllıqlar salınmışdır.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2024-cü il tarixli 43 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda 13 prioritet istiqamət müəyyən olunmuş və Proqramın həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılaraq Tədbirlər Planında öz əksini tapmışdır.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik  ili” elan edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq  Şirvan şəhərinin “Köhnə şəhər” hissəsində, Kür çayının sahilində yerləşən mövcud ərazisi 2,5 hektar olan “İsmət Qayıbov adına park”da yenidənqurma və əsaslı təmir işləri yekunlaşmışdır.

Sonra 2024-cü ildə Şirvan şəhərində keçirilən tədbirlərdən hazırlanmış videoçarx nümayiş olunub.

Məruzə ətrafında “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, əməkdar mühəndis, Milli Məclisin VI çagırış deputatı, texnika üzrə fəlsəfə doktoru İltizam Yusifov, “Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi” MMC-nin Telemexanika İdarəetmə Şöbəsinin direktoru Usubağa Məmmədov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Pərviz Rüstəmbəyov və iclas iştirakçısı Sərraf Əzimli çıxış ediblər. Çıxışlar zamanı il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb, təkliflər səsləndirilib.

Daha sonra yığıncaq iştirakçıları və şəhər ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətin mətni şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva tərəfindən təqdim edilərək, qəbul olunmuşdur.

Yığıncaqda “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 24 iyun 2024-cü il tarixli Sərəncama əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin böyük məsləhətçisi İsgəndərov Rasim Tofiq oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.

Sonda 2024-cü ildə şəhərin sosial-iqtisadi inkişafında və ictimai həyatında, eləcə də mədəniyyət və xidmət sahələrində fərqlənən bir qrup şəxs şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və Təşəkkürnaməsi ilə tətif edilib, “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim olunub.

Keçidlər