Şirvan Gənclər Evində “Sağlam ailə, sağlam cəmiyyət və erkən nikahların qarşısının alınması" mövzusunda tədbir keçirilib.
16.05.2023-cü il tarixində Şirvan Gənclər Evində 15 May - Beynəlxalq Ailə Günü münasibətilə “Sağlam ailə, sağlam cəmiyyət və erkən nikahların qarşısının alınması" mövzusunda maarifləndirici təlim-seminar keçirilib. Seminarda Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Nəsirov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin və Şirvan Peşə Liseyinin müəllim və tələbələri iştirak edib. Tədbirdə öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov və Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Nəsirov çıxış edərək, müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasətinin təşkil etdiyini, Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ailə siyasətinin formalaşmasındakı xidmətlərindən danışaraq, Prezident cənab İlham Əliyevin bu tarixi missiyanı davam etdirdiyini, Azərbaycanda ailə dəyərləri və ənənələrinin qorunub saxlanılmasına xüsusi diqqət yetirdiyini bildiriblər. Gənclərə erkən nikahın doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olduğunu, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu vurğulayaraq, gəncləri milli ailə dəyərlərimizi öyrənməyə və bu dəyərlərə bağlı olmağa, öz vəzifə və hüquqlarını bilən gənc kimi yetişməyə səsləyiblər. Tədbirdə milli və demokratik ailə dəyərlərindən bəhs edən videoçarx nümayiş olunub. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.